BAKI, 30 iyun — Sputnik. Bakı Baş Səhiyyə İdarəsinin bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzi yaradılır. Yaxın zamanda bu, tamamlanacaq. Bu zaman ilkin səhiyyə xidmətinə aid olan bütün strukturlar Tibb Mərkəzində birləşəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov bildirib.
O deyib ki, o cümlədən 5 saylı Doğum evinin qadın məsləhətxanası ilkin tibbi xidmət göstərdiyi üçün İlkin Səhiyyə Xidməti Tibb Mərkəzinin tərkibinə keçəcək. İlkin Səhiyyə Tibb Mərkəzindəki poliklinikalarda olan dar ixtisas həkimləri də müxtəlif poliklinikalarda birləşərək Kliniki Tibbi Mərkəzin tabeçiliyinə keçəcək.
"Nərimanov rayonunda bu, həyata keçirilib, digər rayonlarda da paralel olaraq aparacağıq. Nəticə etibarı ilə də ilkin səhiyyə xidməti tibbi xidmətdən ayrılacaq", - Ələkbərov deyib.
O, həmçinin qeyd edib ki, Bakı, Sumqayıt və Abşeronda yerləşən tibb müəssisələrində həyata keçirilən struktur dəyişiklikləri demək olar, başa çatıb, struktur dəyişikliyinin isə mövcud iş rejiminə heç bir təsiri yoxdur: "Bir neçə tibb müəssisəsinin birləşməsi nəticəsində ixtisar olunma faktı yoxdur. Sadəcə müəyyən şöbələr birləşdirilərək optimallaşma prosesi gedir. Bir sözlə, ixtisar yoxdur və gələcəkdə də olmayacaq".
Qeyd edək ki, Bakı Baş Səhiyyə İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərirdi.