Avropa çempionatının 1/8 final oyunlarının icmalı

© REUTERS / POOL / JOHN SIBLEYНемецкий футболист Томас Мюллер
Немецкий футболист Томас Мюллер - Sputnik Azərbaycan, 1920, 30.06.2021
Abunə olmaq
Ötən qitə çempionatının qalibi olan portuqaliyalılar, hazırkı dünya çempionları fransızlar, dəfələrlə qitə və dünya çempionu olmuş almanlar mübarizədən kənarda qalıblar, bizi isə 1/4 final oyunları gözləyir.

On altıncı qitə çempionatının ilk pley-off mərhələsinin oyunları artıq geridə qalıb. Biz gərgin oyunların, çpxsaylı qolların, böyük və kiçik gözlənilməzliklərin və nəhayət sensasiyanın şahidi olduq. Əziz futbol həvəskarları, qitə birinciliyinin 1/8 finalı bizə məhz bunları hədiyyə edib.

Gəlin son səkkiz oyunu birlikdə yada salaq. Bu oyunlar nəticəsində qitə birinciliyinin 1/4 mərhələsində mübarizəni davam etdirəcək dörd cüt komanda müəyyən olunub.

Danimarka – Uels - 4:0

Biz sizinlə bu qarşılaşmanın mümkün nəticələrini müakirə edərkən uelslilərin oyunun ilk yarım saatı ərzində qol buraxmasalar və təbii ki, əgər bütün bunlar Uels yığması liderlərinin uğurlu oyunu ilə bərkidilsə, o zaman oyunu öz xeyrinə bitirmək şansları olacağını güman etmişdik.

Lakin danimarkalılar Dolberqin səyləri ilə oyunun 27-ci dəqiqəsində Uels yığmasının qapısına qol vura bildilər. Bu azmış kimi, hazırkı birincilikdə növbəti dəfə uğurun açarını tapan danimarkalılar Qaret Beyl və Aaron Remzini tamamilə neytrallaşdırmağa nail oldular ki, bu da oyunun taleyini həll etdi.

İkinci hissənin əvvəlində elə həmin Dolberq hesabı 2:0-a çatdırdı ki, bundan sonra da danimarkalıların qələbə çalacağı artıq heç kimdə şübhə doğurmurdu.

Oyunun sonuna yaxın isə Uels yığmasının tamamilə boşalmasından istifadə edən Mele (88-ci dəqiqə) və Breytueyt (94) uelslilərin darmadağın hesabını rəsmiləşdirdilər.

Danimarkalılar oyunun bütün komponentlərində daha yaxşı təsir bağışlayırdılar və düşünürəm ki, bu ölkənin futbolçularının hazırkı nəsli atalarının 1992-ci ildəki səs-küylü uğurunu təkrar etmək, Avropa çempionu olmaq əzmindədirlər.

İtaliya – Avstriya - 2:1

Burada biz ilk gözlənilməz halın ahidi olduq: Avstriya millisi bütün oyun boyu şan-şöhrətli “Skuadra Adzurra”ya bab oynayırdı, hətta bəzi komponentlərə görə AÇ-nin favoritlərini qabaqlayırdı da. Əlbəttə, pley-off mərhələsində bütün komandalar var gücü ilə oynayırlar. Amma avstriyalılar təkcə cürətli deyildilər, onlar həm də, bir daha təkrar edim, kifayət qədər yüksək səviyyəli oyun nümayiş etdirirdilər. Onların heyətində Balkan yarımadasından çıxmış futbolçular seçilirdilər. Öz proqnozumda mən bildirmişdim ki, avstriyalılar o zaman qələbə çala bilər ki, onlar tarixində ən yaxşı, italyanlar isə ən pis oyununu oynasınlar. Düzdür, avstriyalılar ən yaxşı oyunlarını nümayiş etdirdilər, lakin bu, italyanların ən pis oyunu deyildi. Apenninlilər bu qarşılaşmada o qədər də inamlı təsir bağışlamırdılar. Lakin buna baxmayaraq, əlavə vaxtda, 95-ci dəqiqədə Kyeza, 105-ci dəqiqədə isə Pessina Avstriya komandasının qapısıçısı Baxmanı məyus etdilər. Bundan sonra italyanların rəqibləri “avarı” yerə qoymadılar və 114-cü dəqiqədə Saşa Kalaydiç hesab arasındakı fərqi azaltdı. Lakin bundan artığına avstriyalılar nail ol bilmədilər. Bu oyunun nəticəsi qanunauyğundur, lakin avstriyalılar çox yaxşı oyun nümayiş etdirdilər və heç kim onları məğlub olmaqda günahlandıra bilməz. Onlar sona qədər vuruşurdular və nə bacardılarsa, onu da etdilər.

İtalyanlara gəldikdə isə, ümid etmək olar ki, onların baş məşqçisi Mançini çatışmazlıqları ciddi nəzərdən keçirəcək və 1/4 finalda “Skuadra Adzurra” səkkisdəbir finaldakından daha fərqli olacaq.

Niderland – Çexiya - 0:2

Mən güman etmişdim ki, hansı komanda digərinə özünə rahat oyun tərzini qəbul etdirə bilsə, o da qalib gələcək. Çexiya millisi elə bunu da etdi. Çoxlarının heyətində parlaq futbolçuların çox olduğu “narıncıları” favorit hesab etmələrinə baxmayaraq, komandaların gücü eyni idi. Futbolda nailiyyətlərə görə isə çexlər niderlandlıları xeyli qabaqlayırlar. Niderlandlılar futbol elitasına ötən əsrin 70-ci illərində daxil olublar. Bunun səbəbi bir tərəfdən Amsterdamın “Ayaks” klubunun və Niderland millisinin (o zamanlar Hollandiya) nəhəng məşqçisi Rinus Milelsin total futbolu, digər tərəfdən isə futbol dühası Yohan Kroyffun başçılığı altında bir qrup hollandiyalı oyunçunun alov saçan oyunu idi. Bütün bunlar belədir, lakin çexlər həmin dövrdə artıq iki dəfə dünya birinciliyinin gümüşünü əldə etmişdilər. Avropa çempionu titulunu da 1976-cı ildə qazanmışdılar. Hollandiya millisi isə bu titulu 1988-ci ildə qazana bilib. Odur ki, yüksək səviyyəli futbolu çexlər Nderland təmsilçilərindən xeyli əvvəl oynaya bilirdilər.

Çexiya millisi rəqibinə öz oyununu qəbul etdirə bildi və nəticədə texnikalı və effektli oyun nümayiş etdirən “narıncıların” parıltısı sönməyə və nəfəsləri daralmağa başladı. Çexlər isə təzyiqi getdikcə artırırdılar və 68-ci dəqiqədə Qoleş hesabı açdı. Hazırkı birincilikdə parlaq oyun nümayiş edirən Patrik Şik isə 80-ci dəqiqədə özünün çempionatda dördüncü, oyunda isə komandasının ikinci qolunu vurdu. Çexlər ədalətli qələbə qazandılar və Anri Delone kuboku uğrunda mübarizəni davam etdirəcəklər. Çempionatın favoritlərindən biri olan niderlandlılar isə evlərinə yola düşüblər.

Belçika – Portuqaliya - 1:0

Bu qarşılaşmada Belçika komandasının qalib olacağına zərrə qədər də şübhə etmirdim. Bu ölkənin oyunçularını meydana kapitan qismində, təəssüf ki, hazırda o qədər də yaxşı formada olmayan Eden Azar çıxarmışdı. Bu, şübhəsiz, çox istedadlı futbolçunun Londonun “Çelsi” klubundan Madridin “Real” klubuna keçməsi onun özünə heç bir fayda verməyib. Lakin Portuqaliya millisi ilə qarşıdurmada Azar kifayət qədər çox iş gördü və komandası üçün faydalı oldu. Belçikalıların digər görkəmli oyunçusu Kevin de Brüyne də aldığı zədədən hələ tam sağala bilməyib, lakin ona da afərin düşür. Heyətlərində Kriştianu Ronaldu kimi futbolçunun olmasına bamayaraq, portuqaliyalılar belçikalılara qarşı oynaya bilmədilər. Bu oyunda yeganə qolu birinci hissənin sonunda belçikalıların kapitanının kiçik qardaşı Torqan Azar vurdu. Bu, Belçika millisinin qələbəsi üçün kifayət etdi. Qələbə layiqli qələbə idi. Çünki Belçika millisini hazırkı birincilikdə, yumşaq desək, bir qədər sakit oynamasına rəğmən, zənnimcə, bu komanda portuqaliyalılardan bütün komponentlərə görə üstün idi. Oyunun nəticəsi də tamamilə qanunauyğundur. Portuqaliyalılar qitə çempionu adını qoruyub saxlaya bilmədilər, belçikalılar isə bu titul uğrunda mübarizəni davam etdirirlər.

Xorvatiya – İspaniya, 3:5 (əlavə vaxtda)

1/8 final oyunlarının nəticələrinə dair proqnozlarımda mən bildirmişdim ki, bu yığmaların bir-biri ilə oynamaqda bəxtləri gətirib. Nə üçün? Çünki hər iki komanda bu birincilikdə bərbad oyun nümayiş etdirir. Əgər başqa komandalara tuş gəlsəydilər, hər iki milli mübarizədən kənarda qalardı. İndi isə onlardan biri artıq 1/4 finaldadır. İspanlar daha güclü çıxdılar. Halbuki, oyun çox baxımlı alındı; birinci hissədə xorvatlar Pedrinin avtoqolu sayəsində irəli çıxdılar. Yeri gəlmişkən, hazırkı birincilik avtoqollar və qol vurulmamış penaltilərlə zəngindir. Lakin gəlin oyuna qayıdaq: artıq 38-ci dəqiqədə Sarabiya hesabı bərabərləşdirir. İkinci hissədə təcrübəli Aspiliketa 57-ci dəqiqədə irəli çıxarır. İyirmi dəqiqə sonra isə Fernan Torres hesabı 3:1-ə çatdırır. Elə təəssürat yaranırdı ki, artıq hər şey həll olunub, amma… Xorvatların kapitanı Luka Modriç həmkarlarını həvəsləndirir və əvvəlcə 85-ci dəqiqədə Orşiç, daha sonra 92-ci dəqiqədə Palaşiç elə əvvəlkinin ötürməsindən sonra topu tora göndərir.

Lakin əlavə vaxtda xorvatların artıq gücü qalmır: Morato və Oyarsabal üç dəqiqə ərzində artıq gücü tükənmiş xorvatların qapısına iki qol vururlar. Bu oyunda ispanlar güclü idilər, lakin onların oyun keyfiyyəti pireneyliləri Avropa çempionatının favoritləri sırasına salmağa imkan vermir. Xorvatlara qaldıqda isə, düünürəm ki, komandada tamamilə nəsil dəyişikliyi baş verəcək və yeni yığma formalaşaraq təşəkkül tapacaq.

Fransa – İsveçrə, 3:3 (penaltilərdən 4:5)

İsveçrə komandası öz fədakarlıqları və əzmi ilə fransızların həmin görüşdə şəksiz qalib gələcəkləri barədə mənim gümanımı darmadağın etdilər. Bəli, fəaliyyətdə olan dünya çempionlarının qələbəsinə heç bir şübhəm yox idi: fransızlar bu turnirdə heç zaman olmadıqları kimi güclü idilər. Dünya futbolunun qaymaqlarından ibarət möhtəşəm yığma superulduzları ilə öyünə bilməyən İsveçrə miliisini əzməli idi.

Fransızları yanıldan özlərinə olan güvənləri oldu: onlar əmin idilər ki, 1/8 finalı rahatca keçəcəklər, üstəlik, futbol bəxtləri belə gətirdi ki, elə də qorxulu rəqiblə düşməmişdilər. Ancaq İsveçrə millisinin fikri ayrı idi. “Bankirlər” oyunun lap əvvəlindən ildırım kimi oynayırdılar, millidəki ümumi ab-havanın müəllifləri isə balkan əsilli futbolçular oldular. Artıq oyunun 15-ci dəqiqəsində Seferoviç gözəl qol vuraraq ləyaqətli dünya çempionlarını xeyli təəccübləndirdi. Birinci taymda hesab dəyişmədi. Çox güman ki, fasilədə Didye Deşam ulduz oyunçularının dərsini verdi, ancaq bunun onlara təsiri olmadı. Onlar ikinci hissəni də özlərindən razı  əhval-ruhiyyədə başladılar.  Hər şey 53-cü dəqiqədə, Uqo Lyorisin qapısına penalti təyin olunanda dəyişdi. Fransızlar anladılar ki, uduza bilərlər. Rodriges penaltidən yararlanmasa da, fransızlar problemin həllinə girişdilər. 57 və 59-cu dəqiqələrdə Kərim Benzema İsveçrə millisinin və Almaniyanın “Borussiya” (Münhenqladbax) klubunun qolkiperi Yan Sommerin qapısını iki qolla silkələdi. 75-ci dəqiqədə isə Pol Poqba heyrətamiz gözəl qol vuraraq hesabı 1:3-ə çatdırdı. Və bu zaman fransızlar işlərinin bitdiyinə inandılar: kim təxmin edərdi ki, isveçrəlilər 15 dəqiqə ərzində iki qolun əvəzini dünya çempionlarından çıxarlar?

Hətta 81-ci dəqiqədə Seferoviç oyundakı ikinci qolunu vuraraq hesabdakı fərqi azaldanda da fransız “ulduzlar” daha böyük fəlakətə doğru sürükləndiklərinin fərqində deyildilər. Qavranoviç 90-cı dəqiqədə hesabı bərabərləşdirəndə isə fransız oyunçuların üzlərini görməyə dəyərdi: onların donmuş mimikaları dəhşətli çaşqınlığı əla ifadə edirdi. 

Qeyd edim ki, Mbappe hücumda xeyli zəif oynadı, qol üçün iki real vəziyyəti qaçırdı. Belə səviyyəli oyunçu bu cür davranmalı deyil. Bilmirəm, Fransa millisinin daxilində nə baş verir. Bir zamanlar Didye Deşam sözsüz nüfuza malik idi. Təbii ki, əvvəllər görkəmli oyunçu, Fransa yığmasının kapitanı, dünya çempionu idi. Sonra məşqçi kimi Deşam öz yetirmələrini Rusiyadakı dünya çempionatında dünyanın ən güclü komandası tutuluna qovuşdurdu. Yəqin, çempion olduqdan sonra oyunçular fikirləşdilər ki, Deşamın nüfuzu elə də qeyd-şərtsiz deyil. İstənilən halda, bu oyunun gedişini izləyərkən məndə belə təsəvvür yarandı.

Əlavə vaxt oyuna heç bir dəyişiklik gətirmədi. Növbə penaltilərə çatdı: hamı dəqiq oldu, bircə beşinci fransızdan başqa – dünya miqyaslı ulduz Mbappedən.  Onun zərbəsini Yan Sommer dəf elədi.

Dünyanın fəaliyyətdə olan çempionları görüşün autsayderi hesab olunan İsveçrəyə uduzaraq qitənin ən güclü komandası adı uğrunda mübarizəni dayandırdılar. İsveçrəlilər isə layiqli qələbə qazanaraq turnirdəki yollarına davam edirlər.

İngiltərə - Almaniya – 2:0

Əvvəlki yazılarımda qeyd etmişdim ki, bir çox futbol ekspertləri hesab edirlər ki, ingilislərin baş məşqçisi Qaret Sautgeyt komandanın hazırlığını elə qurub ki, komanda turnirin gedişatında formaya düşür. Mən buna elə də inanmırdım, ancaq almanlarla oyunda ingilislər əvvəlki matçlardan daha inamlı təsir bağışlayırdılar. Dünyanın iki nəhənginin sərgilədiyi oyun o qədər də göz oxşamasa da, görüşdə gərginlik kifayət qədər idi. Birinci taym “quru” keçdi. Elə gəlirdi ki, ikinci taym da heç-heçəyə doğru gedir, ancaq 75-ci dəqiqədə ingilislərin əsas qolçusu Rahim Sterlinq müasir furbolun ən yaxşı qapıçısı Manuel Noyerin qapısından top keçirdi. Qeyd etməliyəm ki, futbolun yaradıcılarının qolkiperi Pikford da oyunu pis keçirmədi və bir neçə dəfə komandanı xilas etdi.

Tomas Müller topu qapıdan kənara göndərərək yüz faizliq qol vurmaq imkanını boşa verdi. Bu səviyyədə oyunçu belə məqamları reallaşdırmalıdır. Harri Keyn isə 86-cı dəqiqədə əlinə düşən fürsəti fövtə vermədi və cərimə meydançasına asılan topu inanılmaz gözəlliklə başı ilə Noyerin qapısına göndərdi.

Əlli beş il bundan öncə - 1966-cı ildə əfsanəvi “Uembli” meydançasında olduğu kimi Dumanlı Albionun nümayəndələri yenə də alman futbolçularından üstün oldular.

Yoahim Löv karyerası ərzində AFR yığmasını dəfələrlə böyük qələbələrə çatdırmış möhtəşəm baş məşqçidir. İndiki Avropa çempionatından əvvəl Löv demişdi ki, turnirdən sonra istefa verəcək. Əfsanəvi baş məşqçiyə təəssüf edirəm, ancaq onun yetirmələri müəllimlərini layiqincə yola ala bilmədilər.

AFR yığması dörddəbir finala düşə bilmədi, İngiltərə millisi isə bu qələbədən sonra azarkeşlərini turnirdəki ambisiyalarının əsaslı olduğuna inandırdı.

Ukrayna – İsveç – 2:1

Möhtəşəm oyunçunun möhtəşəm baş məşqçi olduğu hallara nadir hallarda təsadüf edirik. Bilmirəm, sonra necə olacaq, ancaq əfsanəvi futbolçu Andrey Şevçenko Ukrayna millisinin baş məşqçisi olduqdan sonra turnirdə ən cavan yığma sayılan maraqlı komanda qura bilib. Mən ukraynalıların səriştəli və ölçü-biçili oyun göstərdiklərini yazmışdım. Ancaq narahat idim ki, fiziki hazırlıqları yerində deyil: bunu avstriyalılarla oyunda aşkar sezdik. Ancaq isveçlilərə qarşı matçda Şevçenko komandasının oyununu elə qurdu ki, atletik cəhətdən güclü isveçlilər özlərinin bu üstünlüklərindən ukraynalılara qarşı istifadə edə bilmədilər. Şevçenko sahəyə elə bir komanda buraxdı ki, isveçlilərin başla oynamaq kimi üstünlüyünü də əlindən aldı. Ukraynalılar topa uzun müddət nəzarət edir, rəqibi çaşdırır, sonra isə sürətli ötürmələrlə hücuma keçirdilər. Hücumdan sonra yenidən rəqibi meydanın ortasında qarşılayır və isveçlilərə oyun sahəsi tanımırdılar, bu isə skandinavların sürətini xeyli azaldırdı.

Qeyd etmişdim ki, aparıcı oyunçuları, xüsusən Zinçenko və Malinovski yaxşı oynayarlarsa, ukraynalıların qazanmaq şansı böyük olacaq.  Sonuncu əvəzlənməyə çıxdı və elə də fərqlənmədi. Əvəzində Zinçenko sadəcə möhtəşəm oyun keçirərək öz komandasının qələbəsi üçün xeyli iş gördü.

27-ci dəqiqədə o, hesabı açsa da, isveçlilərin hücum lideri Forsberq oyunun birinci hissəsinin sonuna yaxın hesabı bərabərləşdirdi. İkinci taym heç nəyi dəyişmədi, baxmayaraq ki, həm ukraynalılar, həm də isveçlilərin qol məqamları olmuşdu. Zərbələrdən sonra top qapı dirəyinə dəysə də, heç cür qapıdan içəri keçmirdi.

Əlavə vaxt təyin olundu. 99-cu dəqiqədə Danielson Besedini zədələdi və tamamilə haqlı olaraq qırmızı kart aldı. Adi gözlə də görünürdü ki ukraynalılar xeyli yorulsalar da, son qüvvələrini ortaya qoyaraq mübarizə aparırlar. 105-ci dəqiqədə artıq əldən düşmüş hücumçu Yarmolenkonu heç kimin tanımadığı Artyom Dovbik əvəzlədi. Andrey Şevçenkonun bu əvəzetməsi çox yerinə düşdü. Hər kəs oyunsonrası penaltilərə hazırlaşırdı. Referi əlavə vaxta daha 3 dəqiqə əlavə etdi və bu zaman Zinçenko Dovbikə dəqiq ötürmə etdi. Sonuncu isə qələbə qolunu vurdu. İki dəqiqə sonra bu yorucu oyun ukraynalıların ədalətli və gözəl qələbəsi ilə yekunlaşır.

Əziz futbol həvəskarları, 1/8 finalın oyunları güzəştsiz mübarizə şəraitində keçdi və gözlənildiyi kimi, bizə həyacanlı dəqiqələr bəxş etdi. AÇ-ni ötən qitə birinciliyinin qalibləri olan portuqallar, fəaliyyətdə olan dünya çempionları – fransızlar, dəfələrlə dünya və Avropa çempionları olmuş almanlar, turnirin əsas favoritlərindən olan Niderland tərk etdilər. Ancaq favoritlərə ədalətli qarşılaşmalarda qalib gələn millilər dörddəbir finalda mübarizəni davam etdirərək bizə, heç şübhəsiz, daha çox həyəcanlı dəqiqələr bəxş edəcəklər.

Xəbər lenti
0