BAKI, 30 iyun — Sputnik. Baş nazir Əli Əsədov görkəmli elm xadimi Lütfi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar imzalayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.
Qərara əsasən, Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texniki-humanitar liseyə Lütfi Zadənin adı verilib.
Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti Lütfi Zadənin Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulmasını təmin edəcək.
Qeyd edək ki, riyaziyyatçı, kompüter alimi, elektrik mühəndisi, süni zəka araşdırmaçısı və Kaliforniyadakı Berkeley Universitetində kompüter elmi üzrə Əməkdar professor Lütfəli Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda doğulub. O, elm aləmində ən çox qeyri-səlis riyaziyyatın, qeyri-səlis əlaqəli məfhumlardan ibarət olmasını irəli sürməsi ilə tanınıb.
Alim sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib. O, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn edilib.