Xiyabanın hazırlanması işlərinə başlanandan burada təmənnasız olaraq çalışan Cəmaləddin Məmmədov işlər tamamlandıqdan sonra əraziyə xidmət etməyi könüllü olaraq öz üzərinə götürüb. Onun burada ürəklə işləməsi sonradan dəyərləndirilərək rəsmiləşdirilib.
Məmmədovun işi səhər erkəndən başlayır. Tezdən oyanaraq xiyabana gəlir, ərazini süpürdükdən sonra oturacaqların, stendlərin tozunu alır, ərazidə hər hansı bir nasazlıq varsa, onu qaydaya salır. Sonra bağban qayçısını götürərək ağacları budayır və suvarır. Bəzən işlərin çox olduğunu deyən C.Məmmədov ailəsini də bu işə cəlb edib. O, nə qədər qolunda qüvvət var, həvəslə bu işi davam etdirəcəyini bildirib.
Xiyabandakı abidədə 44 günlük Vətən Müharibəsində şəhid olan iki Əyyublu sakininin də məlumatları əlavə edilərək Əyyublu kəndindən olan 11 şəhid haqda məlumat yerləşdirilib. Bu abidədə onların adları, doğum və şəhadət tarixləri, şəkilləri yer alıb. 0,15 ha ərazidə salınan xiyabanı 60 ədəd sərv ağacı əhatə edir.