Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Əhali benzin almaq üçün bütün gecəni növbə gözləyir - SOCAR-dan Livan açıqlaması

© AP Photo / Hassan AmmarLivanda vəziyyət
Livanda vəziyyət - Sputnik Azərbaycan, 1920, 29.06.2021
Abunə olmaq
İqtisadi böhranla mübarizə aparan Livanda yanacaq qıtlığı davam edir. İqtisadçı Livanda baş verən hadisələri şərh edib.

BAKI, 29 iyun — Sputnik. İqtisadi böhranla mübarizə aparan Livanda yanacaq qıtlığı davam edir. Böhran, yanacaqdoldurma məntəqələri qarşısında uzun növbələrlə, ictimai nəqliyyat və taksi çatışmazlığı ilə müşayiət olunur. Vətəndaşlar benzin almaq üçün bütün gecəni növbə gözləyirlər. Livan Prezidenti Mişel Avn beynəlxalq birliyin böhranın öhdəsindən gəlməsində Livana dəstək olacağına ümid edir.

Bundan əvvəl Livanın "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullah hökumətin yanacaq böhranını həll edə bilməyəcəyi təqdirdə İrandan neft məhsulları alacağına söz vermişdi. Ancaq bu vəddən sonra heç bir addım atılmayıb və böhran davam edib. Yanacaq böhranı ölkədəki elektrik enerjisi təchizatına da təsir edib. İqtisadi böhrana qarşı Livanın şimal və cənub bölgələrində etiraz aksiyaları keçirilib. Etirazçılar dərman çatışmazlığına, elektrik, su və yanacaq kimi xidmətlərdəki problemlərə etiraz olaraq küçələrdə zibil qutularını yandırıblar.

Beyrut limanındakı partlayışdan sonra bir çox ölkələrin Livan üzərində mübarizəsi daha da güclənib

Hadisələri şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, ötən ilin avqust ayında Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışdan sonra bu ölkədə vəziyyət gərgin olaraq qalır:

"Bu partlayışın nəticələri uzun zaman Livan siyasətinə və iqtisadiyyatına mənfi təsir edib. Beyrut limanındakı həmin partlayışdan sonra bir çox ölkələrin Livan üzərində mübarizəsi daha da güclənib. İndiki yanacaq böhranı ümumi siyasi konfiqurasiyanın dəyişdirilməsi cəhdinin növbəti addımıdır. Yəni bir çox iqtisadi böhranlarla, bu tipli böhranlarla Livanda siyasətə təsir edən qüvvələrin nisbətinin dəyişdirilməsinə çalışılır.

Livan konstitusiyasına görə, seçkilərdən başqa, etnik və dini mənsubiyyətə görə də vəzifələrin bölüşdürülməsi var. Dünyada yeganə ölkədir ki, onların konstitusiyasında seçkilərin nəticələrindən başqa, etnik və dini tərkibə görə də vəzifələrin bölüşdürülməsi mövcuddur. Bu, onu deməyə əsas verir ki, Livanın müstəqil siyasət aparması mümkün deyil".

"Livan uğrunda mübarizə getdikcə kəskinləşəcək"

Ekspert bildirib ki, İranın da Livana "Hizbullah" vasitəsilə böyük təsirləri var: "Lakin İranın Livanda aktiv olması cəhdləri nə ABŞ-ın, nə də Qərb ölkələrinin xoşuna gəlmir. Ona görə də həmin bölgədə gərginliyin artması ehtimalları kifayət qədər güclüdür. Çünki etnik və dini tərkibə baxdıqda getdikcə İrana bağlı olan siyasi və hərbi güclərin daha çox üstünlük qazanması ehtimalı kifayət qədər yüksəkdir. Livan uğrunda mübarizə getdikcə kəskinləşəcək. ABŞ-ın, Avropanın, İsrailin burada öz maraqları var. İranın Livanda aktivləşməsi təbii olaraq İsrailin də xoşuna gəlmir. Həmin regionda gərginliyin artması ehtimalı yüksəkdir".

"İranın Livana birbaşa neft satması üçün sanksiyalardan yan keçməsi lazımdır"

"İrana qarşı ciddi sanksiyalar var. İran neftin böyük hissəsini Çinə satır, kiçik bir hissəsini də Rusiya alır. Texniki olaraq İrandan Livana neft tədarükü mümkündür və dolayı yollarla bunu edə bilər. Amma İranın Livana birbaşa neft satması üçün sanksiyalardan yan keçməsi lazımdır və bu, o qədər də inandırıcı görünmür. Çünki Livan limanlarının böyük hissəsi İsrail tərəfindən ciddi şəkildə nəzarət altında saxlanılır", - deyə o əlavə edib.

Livan son 170 ilin ən ağır iqtisadi böhranını yaşayır

Qeyd edək ki, Dünya Bankının son hesabatına görə, Livan XIX əsrin ortalarından sonra özünün ən ağır iqtisadi böhranı ilə qarşılaşıb. Hesabata əsasən, cari ildə Livan iqtisadiyyatı daha 10 faiz kiçiləcək və yaxın gələcəkdə bu ölkə üçün heç bir perspektiv görünmür. Ötən il xarici borcları defolta uğrayan Livanda milli valyutanın dəyəri 85 faiz azalıb. Buna uyğun olaraq, ölkədə inflyasiya görünməmiş həddə çatıb və işsizliyin səviyyəsi 40 faizdən də çoxdur. Dünya Bankına görə, hazırda Livan iqtisadi böhran səviyyəsinə görə dünyanın üçüncü ölkəsidir.

"Adətən, bu cür ağır iqtisadi böhranlar müharibədən dağılmış vəziyyətdə çıxmış ölkələrdə baş verir. Lakin Livandakı iqtisadi kollapsın əsas səbəbi korrupsiya və pis idarəçilikdir. Hazırda bu ölkədə rəhbərliyin yürütdüyü siyasət qeyri-adekvat olaraq qalır və vətəndaşların gələcəklə bağlı heç bir ümidləri yoxdur. Beyrutda baş vermiş dəhşətli partlayışın fəsadları və COVID-19 pandemiyası vəziyyəti daha da ağırlaşdırıb", - deyə hesabatda qeyd edilib.

Beynəlxalq Valyuta Fondunun da Livana kredit ayırması ilə bağlı danışıqlar uğursuz olub.

Xatırladaq ki, 2020-ci il avqustun 4-də Beyrut limanında bir neçə güclü partlayış baş verib. Partlayış dalğası şəhərdəki binaların yarısını zədələyib. Partlayış nəticəsində ən azı 192 nəfər ölüb, 5 min nəfər yaralanıb, 80 nəfər itkin düşüb. Livan hakimiyyətinin məlumatına görə, partlayışlara altı il öncə gömrük xidmətinin müsadirə etdiyi və limandakı anbarda saxlanılan 2 min 750 ton ammonium nitrat səbəb olub. Partlayışdan sonra Livanda hökumət əleyhinə mitinqlər başlayıb və nəticədə ölkə hökuməti istefa vermək məcburiyyətində qalıb.

SOCAR nə deyir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Sputnik Azərbaycan-a deyib ki, SOCAR Livana neftin satışını həyata keçirmir.

Xəbər lenti
0