BAKI, 29 iyun — Sputnik. Qarabağ zəngin təbiətə mailk olmaqla bərabər, həm də bu torpaqda böyük çaylar mövcuddur. Torpağın altında belə su mənbələri var. Prezident İlham Əliyevin göstərişi ilə həmin ərazilərdə nə qədər su mənbəyinin olması araşdırılacaq. Gələcəkdə su qıtlığının yaşanmaması üçün bu bölgənin su mənbəyindən istifadə olunacaq. Hazırda isə mövcud çayların üzərində su anbarlarının qurulması və mövcud olan anbarların bərpası işləri görülür. Belə çaylardan biri də Köndələn çayıdır. Bu çayın üzərində hazırda 3 anbar mövcuddur.
Bu barədə Sputnik Azərbaycan-ın suallarını cavablandıran Meliorasiya Su Təsərrüffatı ASC–nin Füzuli Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Atakişi Babayev bilidirib.
“1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, daşqınlar zamanı, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar”.
Həmsöhbətimiz bildirir ki, Füzuli rayonu ərazisindən keçən Köndələnçayın üzərində qurulmuş və 1951-ci ildə istismara verilmiş Köndələnçay-1 su anbarının ümumi tutumu 2.1 milyon kubmetr, 1962-ci ildə istismara verilmiş Köndələnçay-2 su anbarının ümumi tutumu 2.9 milyon kubmetr, 1980-ci ildə istismara verilmiş Aşağı Köndələnçay su anbarı isə 9.5 milyon kubmetr su tutumuna malikdir.
“Üç ədəd su anbarının qidalandırıcı mənbəyi Köndələnçaydır. Aşağı Köndələnçay su anbarı üçün isə əlavə qidalandırıcı mənbə olaraq, Köndələnçay ilə paralel gedən, mövsümü çay olan və Füzuli rayonun ərazisindən keçən Quruçayın üzərində qurulmuş, suburaxma qabiliyyəti saniyədə 20 kubmetr olan hidroqovşaq inşa edilib. Üç ədəd su anbarının ümumi tutumu 15.5 milyon kubmetrdir və 6200 hektar əkin sahəsini suvarma suyu ilə təmin etmək üçün nəzərdə tutulub”.
Qurumun rəsmisi bildirir ki, hazırda su anbarında təmir-bərpa işlərinin görülməsi üçün əngəl törədən minalar idi ki, bu ərazilər üzrədə mina təmizlənmə işləri də tam başa çatdırılıb.
Qeyd edək ki, bu ilin sonuna kimi təmir-bərpa işləri görülərək, su anbarının istismara yararlı hala gətirilməsi nəzərdə tutulub.
Azərbaycanın su ehtiyatları
Azərbaycanın su ehtiyatları orta hesabla 30 kubkilometrdir. Bunun 20 kubkilometri tranzit axımın payına düşür, 10 kubkilometri isə sərhədlərimiz daxilində formalaşır. İşğaldan azad olunan ərazilərimizin çaylar, göllər və o cümlədən yeraltı sulardan ibarət su ehtiyatları təxminən 780 milyon kubmetr olaraq hesablanır. Bu isə yerli su ehtiyatlarımızın 20 faizə qədərini təşkil edir.
Qarabağ bölgəsi içməli su hövzələrinin bolluğu ilə də fərqlənir. Dağ gölləri, bulaqlar, çaylarla yanaşı, burada kəhriz sistemi dövri-qədimdən məşhur olub.
Qarabağ regionunda olan kəhrizlər sularının gur olması və ekoloji baxımdan təmizliyi ilə digər bölgələrdəkindən fərqlənib. Qarabağda XIX əsrin axırlarında Əhməd bəy Cavanşirin kəhrizlərinin təsir zonasında 1100 hektar meyvə bağları və əkin sahələri suvarılıb. Ümumilikdə kəhrizlərin sayına görə Cəbrayıl rayonu bölgədə xüsusi ilə seçilib. Cəbrayılda Məhəmməd bəyin, Hüseyn ağanın və Çinar kəhrizlərinin suyu ilə buğda üyüdülən çoxsaylı su dəyirmanları işlədilib. 1991-ci ildə Cəbrayıl rayonu ərazisində 72 kəhriz işlək vəziyyətdə erməni işğalında qalıb. 1953-cü ildə ölkəmizin ərazisində 185 kəhriz işlək vəziyyətdə olub. Onların müəyyən hissəsi ermənilərin işğal etdikəri ərazilərdə yerləşib.
Eləcə də oxuyun:
- Həyatı yerin altında axtaraq - içməli su barədə qorxunc proqnozlar gəlir
-
Mənbəyini Qarabağdan götürən çayların suyu hər gün yoxlanmalıdır - ekspertdən xəbərdarlıq
-
Prezidentin Füzuli səfəri: Köndələnçay su anbarı əbədi bizim əlimizdə olacaq