Hindistanda daha bir təhlükəli virus aşkarlandı

© REUTERS / ELOISA LOPEZVirus ovçuları
Virus ovçuları - Sputnik Azərbaycan, 1920, 27.06.2021
Abunə olmaq
Hazırda həmin virusa qarşı heç bir müalicə üsulu və ya peyvənd preparatı yoxdur, ölüm nisbəti isə 40-75 faiz arasında dəyişir.

 

BAKI, 27 iyun — Sputnik. Hindistan Milli Virusologiya İnstitutunun alimləri bu ölkənin Maharaştra əyalətindəki yarasalarda "Nipah" virusu aşkarlayıblar. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla xəbər yayıb. Qeyd edək ki, məlumatın ilkin mənbəyi "Journal of Infects and Public Health"-də dərc olunan elmi məqalədir.

Həmin məqalədə bildirilir ki, ümumilikdə yarasalarda rast gəlinən virus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyanın ən təhlükəli infeksiyalarından biri hesab olunur. Bu infeksiya daha çox yoluxmuş məməlinin tüpürcəyi ilə çirklənmiş meyvələrlə qidalanan insanlarda qeydə alınır. Özü də hazırda virusa qarşı heç bir müalicə üsulu və ya peyvənd preparatı yoxdur, ölüm nisbəti isə 40-75 faiz arasında dəyişir.

Qeyd edək ki, daha əvvəl Hindistanda sözügedən infeksiyanın xəstəliyin dörd ocağı müəyyən edilib. Nipah virusu ilk dəfə 2001 və 2007-ci illərdə Qərbi Benqaliyada qeydə alınıb. Bundan başqa, daha iki dəfə - 2018 və 2019-cu illərdə Kerala ştatında da bu virus aşkarlanıb.

Alimlər bildiriblər ki, 2020-ci ilin martından bu yana Mahabaleşvara mağarasında yaşayan "Rousettus leschenaultii" və "Pipistrellus Pipistrellus" növündən olan 80 yarasadan nümunələr götürülüb, onlarda RNT və "Nipah" virusuna qarşı antitellərin olduğu müəyyənləşdirilib.

"İnsanlar arasında təkrarlanan epidemiyalar, yüksək ölüm nisbəti, insandan-insana yoluxma və təsirli peyvəndlərin / antivirusların olmaması ciddi narahatlıq doğurur, çünki insanların sıx məskunlaşdığı bölgələrdə yarasalar geniş yayılıb",- deyə məqalədə alimlər qeyd edirlər.

Tədqiqatçılar onu da bəyan ediblər ki, məsələnin bundan sonra da araşdırılmasına ehtiyac var, çünki yarasalardan götürülmüş nümunələr ümumi mənzərəni görmək üçün kifayət etmir.

COVID-19-un Hindistan (delta) ştammı 

Dünya Hindistanda COVID-dən ölənlərin cəsədlərinin yandırıldığı tonqalların alovlarını əks etdiriən şokedici kadraları unutmamış bu bölgədən növbəti kədərli xəbərlər gəlməyə başladı. Virusun indi “Delta” adını almış Hindistan ştammı “Delta -plyus”a  mutasiya edib.

Beləliklə, koronavirusun Hindistan ştammı “Delta” - dünyada dominant hal almağa başlayıb. Hazırda koronavirusun bu variantı Rusiya, Türkiyə və Gürcüstan da daxil olmaqla, dünyanın 90 ölkəsində yayılıb.

Bundan başqa, sözügedən koronavirus ştammının “Delta-plyus” mutasiyası hələ aprel ayında Rusiyada aşkarlanıb, ancaq bunun bir yoluxma hadisəsi olduğuna dair heç bir dəlil yoxdur.

Beləliklə, Uhan virusu öz mövqeyini daha aqressiv Hindistan ştammına verib.

Niyə Hindistan ştammı yox, “Delta” adlandırdılar?

Virusun mutasiyası Hindistanda ortaya çıxıb, bununla belə, bütün ölkələrin həkimləri bu qərara gəliblər ki, ştammların coğrafi əlamətlərə görə adlandırılmasından qaçmaq üçün onları yunan əlifbasının hərfləri ilə fərqləndirsinlər. Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Böyük Britaniya ştammına "Alfa", Cənubi Afrika ştammına "Beta", Braziliya ştammına "Qamma", Hindistan ştammına isə “Delta” adını verib.

“Delta” nə dərəcədə qorxulu və yoluxucudur?

Müxtəlif ölkələrdən daxil olan xəbərlərə görə, “Delta” ştammına yoluxma halında xəstənin hospitalizasiya ehtimalı iki dəfə çoxdur.

ÜST-ün Avropa bürosunun rəhbəri Hans Klüge bəyan edib ki, Hindistan ştammı hətta immuniteti möhkəm olan insanlar üçün belə “orijinal”  virusdan daha təhlükəlidir. Bu variantda “Uhan” ştammı ilə müqayisədə xəstəliyin inkişafı ildırım sürəti ilə gedir.

ÜST-ün COVID-19-a reaksiya üzrə baş mütəxəssisi Maria Van Kerkhove də “Twitter”-dən təqibçilərinə buna oxşar açıqlama verib: "Delta” daha yoluxucudur!"

Avropa İttifaqının səhiyyə orqanlarının nümayəndələrinin proqnozuna görə, avqust ayının sonuna kimi bütün COVID-19 hadisələrinin 90%-ni “Delta” variantına yoluxma halları təşkil edəcək.

Robert Kox İnstitutunun məlumatına görə, Almaniyada son bir həftə ərzində Hindistan ştammının aşkarlandığı xəstələrin sayı ən azı iki dəfə artıb. Rusiyada da vəziyyət qəlizdir. Moskva hakimiyyəti öz rəqəmlərini açıqlayıb: bu gün yoluxma hallarının 90%-i “Delta” ştammının payına düşür.

“Delta-plyus” nədir? Daha təhlükəlidirmi?

Gələn son xəbərlər bir o qədər də təsəlliverici deyil. Belə ki, Hindistan ştammı  "Delta" özü də mutasiyaya məruz qalıb. Onun ortaya çıxan yeni növü isə "Delta-plyus" adlandırılıb. Mutasiya olunmuş virusa ilk yoluxma hadisəsi də elə eyni ölkədə - Hindistanda qeydə alınıb. Bu günlərdə "Delta-plyus"dan ilk ölüm halı da müəyyən olunub. Həmin şəxs peyvənd olunmayıbmış.

Hindistan ştammının mutasiyası haqqında bilinənlər

“The Guardian"ın yazdığına görə, “Delta-plyus” “Delta” koronavirusunun əlavə mutasiyasıdır və rəsmi adı K417N-dir. Bəs niyə virusun bu növü ÜST-ün narahatlığına səbəb olub?

Elmi dəlillər ondan xəbər verir ki, virusun bu növü peyvənd sonrası və ya infeksiya sonrası yaranan immunitetdən qismən də olsa yayına bilir.

Bu isə o deməkdir ki, ştamma peyvənd təsir göstərməyə bilər, yəni vaksinasiya faydasızdır. Ancaq onu da əlavə etmək lazımdır ki, bu fikir hələlik tam təsdiqini tapmayıb. Bundan başqa, “Delta-plyus”-un xəstəliyin daha şiddətli formasına səbəb olub-olmadığına dair hələ kifayət qədər məlumat yoxdur. Çünki mutasiya indiyə kimi bir o qədər də geniş yayılmayıb.

“Delta” və “Delta-plyus”-un simptomları nələrdir?

Hindistan ştammına yoluxanlarda qarında ağrı, iştahanın itməsi, ürəkbulanması, ishal müşahidə olunur. Öskürək və hərarətin qalxması da baş verə bilər.

Peyvənd olunmusansa, yoluxmayacaqsan?

Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir: hər iki mutasiya – “Delta” və “Delta-plyus” - yüksək yoluxuculuğa malik ştammlardır və buna görə də ilk növbədə peyvəndləmənin zəif aparıldığı əraziləri əhatə edəcək. Hazırda dünyada istifadə olunan peyvəndlər (Moderna / Pfizer, AZ / J & J ) standart “Delta” variantına qarşı təsirlidir.

Qarşımızda əhalinin peyvənd olunmasına görə öndə gedən İsrail nümunəsi var. Bu ölkə əhalisinin 60%-i artıq tamamilə vaksinasiya olunub. Ancaq  “Business Insider”-in xəbərinə görə, iyun ayında İsraildə xəstəliyin yenidən artımı qeydə alınıb, özü də yoluxmaların yarısı  “Delta” ştammı ilə və artıq peyvənd olunmuş şəxslərdə qeydə alınıb. Bununla belə, İsrail tibb işçiləri təsdiqləyirlər ki, Hindistan ştammına yoluxan vaksinasiya olunmuş şəxslərdə xəstəliyin gedişatı bir o qədər ciddi deyil. Yalnız nadir hallarda yoluxma xəstəxanaya yerləşdirmə və ya ölümlə nəticələnir.

Hansı peyvəndlər “Delta” ştammından qoruyur?

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (Public Health England) hesabatında qeyd olunur ki, peyvəndin növündən asılı olmayaraq, iki dozadan sonra bu preparatların “Delta” ştammına qarşı effektlivliyi 80,8%-dir. Bir dozadan sonra isə peyvənd Hindistan ştammından yalnız 33,2% qoruyur. Beləliklə, həkimlər peyvəndin bir dozasının Hindistan ştammına qarşı təsirli olmadığını etiraf edirlər.

Nə etməli?

Məsafə saxlamaq, maska taxmaq, əllərimizi tez-tez yumaq və qələblikdən qaçmaqla özümüzü qoruya bilərik. Və əlbəttə ki, ən əsası, peyvənd vurdurmaqdır. Qanımızda antitellərin səviyyəsi nə qədər yüksək olarsa, koronavirusun yeni ştammlarına yoluxma riskimiz də  bir o qədər azalar.

Xəbər lenti
0