“Azərbaycanın yaratdığı yeni reallıqlar, torpaqlarımızın azad edilməsi, Qarabağda sülh, əmin-amanlıq kimi tamamilə yeni proseslər başlayıb. Azərbaycanın yaratdığı reallıq Avropada dərk edildikcə, AŞPA-da danışıq tərzimiz də dəyişir”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-a müsahibəsində bildirib.
S.Seyidov deyib ki, AŞPA-nın bu iclasında erməni mənşəli Azərbaycan vətəndaşlarının Fransada, Rusiyada, ABŞ-da olan erməni diasporunun əlində girov kimi saxlanılması, onların manipulyasiya edilməsi məsələsini qaldırıb: “Bildirdim ki, böyük ölkələrin paytaxtlarında yaşayan varlı, geniş əlaqələri olan erməni diasporu erməni xalqının maraqlarını nəzərə almadan, onlara mənfi, məkrli təsir göstərir. Məqsədləri yenə də xalqları üz-üzə qoymaq, münaqişəyə cəlb etməkdir. Azərbaycanın milli maraqları bütün etnik qrupların sülh şəraitində yaşamasıdır. Erməni əsilli Azərbaycan vətəndaşları bunu nə qədər tez başa düşsələr, regionda o qədər də tez əmin-amanlıq bərqərar olacaq”.
Səməd Seyidovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz