BAKI, 25 iyun — Sputnik. Müğənni Elnarə Xəlilovanın həyat yoldaşı Rövşən Cahangirov Prezident İlham Əliyevin sərəncamı ilə təltif edilib. Sputnik Azərbaycan xəbər verir ki, sənətçinin həyat yoldaşı "Cəbrayılın azad olunmasına görə" medalına layiq görülüb. Bu haqda Elnarə şəxsi "Instagram" hesabında məlumat verib.
İfaçı medalın fotosunu paylaşaraq "Ömür-gün yoldaşım, səni təbrik edirəm" şərhi ilə həyat yoldaşını təbrik edib.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə təltif edilənlər arasında şair Nüsrət Kəsəmənlinin nəvəsi Cavidan Kəsəmənli də var. O, "Cəbrayıl və Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Məlumat üçün bildirək ki, müğənni 1999-cu ildə "Qızıl Açar-99" mahnı müsabiqəsinin laureatı olub. 2000-ci ildə Vaqif Gərayzadənin triosuna dəvət alıb. Qrupda çalışdığı vaxtlar Zülfiyyə Xanbabayevanın, Aygün Kazımovanın və bir çox ulduzların bek-vokalisti olub. Qrupdan ayrıldıqdan sonra "Şərq ulduzları" uşaq teatrında çalışıb. Sonradan "Elnarə və onun dostları" qrupunu yaradıb. 2003-cü ildə "SS Production" şirkəti ilə 5 il müddətinə müqavilə bağlayıb və solo karyerasına başlayıb.
İlk mahnısı "Sənsizəm" olub. Həmin il "Qəm otağı" adlı ilk klipi işıq üzü görüb. "Gənc Sim", "Pantene Pro-v" markalarının Azərbaycanda siması olub. Bundan əlavə, Özbəkistanda "Nəzakət", Azərbaycanda istehsal olunan "Məşədi İbad-97" filmlərində baş rol alıb. İndiyə kimi 6 klipi işıq üzü görüb - "Qəm otağı", "Məhəbbət payım", "Uzaqlara", "Yuxulu şəhər", "Çünki gəncsən", "Cibdə varsa pul". 2006-cı ildə ailə həyatı qurub. Həmin il "Məhəbbət payım" adlı solo albomunu buraxıb. "Səbuhi" studiyasında yazılan disk 16 mahnıdan ibarət olub. Müğənninin 4 övladı var.
Eləcə də oxuyun:
-
Prezident hərbçilərimizi "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif etdi