BAKI, 24 iyun — Sputnik. Təhsil Nazirliyi ali və orta ixtisas təhsili müəssisələrində "Məzun günü"nün keçirilməsinə münasibət bildirib.
Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrindən məzun gününün keçirilməsinə razılıq verilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur.
Qeyd olunub ki, ölkədəki sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq ali və orta ixtisas təhsili müəssisələri tərəfindən açıq havada, 100 nəfərdən çox olmamaq şərti ilə və Nazirlər Kabinetinin Operativ Qərargahının müvafiq tələbləri gözlənilməklə "Məzun günləri" təşkil edilə bilər.
Təlimat
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığını nəzərə alaraq cari tədris ili üzrə "Son zəng" tədbirinin 14 iyun 2021-ci il tarixində müəyyən qaydalara əməl edilməklə təşkil edilməsinə icazə verilib.
Təlimatda deyilirdi:
- Tədbirin ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində 1 (bir) saatdan artıq olmamaqla keçirilməsi;
- Yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə keçirilməsi;
- 11-ci sinif şagirdlərinin sayı 100 (bir yüz) nəfərdən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə günün müxtəlif vaxtlarında keçirilməsi.
- Tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və s.) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilmir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Son zəng" tədbirinin keçirilməsinə nəzarət ümumi təhsil müəssisəsinin rəhbərliyinə tapşırılır.
Eləcə də oxuyun: