BAKI, 24 iyun — Sputnik. Son günlərdə şənlik mərasimlərinin keçirildiyi məkanlarda kondisioner və havalandırma sistemlərin işləyib-işləməyəcəyi geniş müzakirə mövzusudur. Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimləri "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər"ə uyğun olaraq tənzimlənir.
Əlavə olaraq, 50 nəfərdən 150 nəfərə qədər olan şənlik mərasimlərinin keçirilməsi ilə bağlı əlavə metodiki göstərişlər təsdiq olunaraq yaxın günlərdə ictimaiyyətin diqqətinə çatdırılacaqdır. Bildirmək istərdik ki, sözügedən göstərişlərdə kondisionerlərə və havalandırma sistemlərinə dair heç bir məhdudiyyət müəyyən edilməyib. Qaldırılan digər məsələlərdən biri də fərdi yaşayış evlərinin həyətlərində keçirilən şənlik mərasimləri ilə bağlıdır.
AQTA bununla bağlı bildirir ki, həyətlərdə, bağ yerlərində şənlik mərasimlərinin keçirilməsinə yalnız "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər"də müəyyən olunmuş tələblərə riayət edildiyi və qonaq sayı 50 nəfərə qədər olduğu halda icazə verilir.
Qeyd edək ki, toylarda monitorinq edəcək qurumlar sırasında AQTA-nın da adı var. Bu qurum monitorinq zaman "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər"ə riayət olunması məsələsi yerindəcə qiymətləndiriləcək. Personalın COVID-19 pasportuna malik olub-olmaması, qoruyucu maska taxıb-taxmamaları və s. tələblər bu qurumun məkdaşları tərəfindən monitorinq ediləcək.
Məlumat üçün onu da bildirək ki, Nazirlər Kabineti iyulun 1-dən Azərbaycanda şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib. 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti təmin etmək məqsədilə müntəzəm yoxlamalar aparılacaq.
50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirakçılardan COVID-19 pasportu tələb olunmayacaq. 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağan edilir. Keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 0:00-dan gec olmamaq şərtilə), qonaq sayı barədə məlumatlar icaze.e-gov.az portalına daxil edilməlidir. Portal üzərindən qeydiyyata salınmayan və barəsində müvafiq məlumat daxil edilməyən şənlik mərasimlərinin keçirilməsi qadağandır.
Monitorinqlər zamanı aşkar olunacaq nöqsanlarla bağlı inzibati tədbirlər həyata keçiriləcək. Qoyulacaq tələbləri pozan sahibkarlıq subyektlərinə qarşı sərt tədbirlər görüləcək. Şənlik mərasimlərinin keçirilməsinə məsuliyyəti həm məclis sahibi, həm də ictimai iaşə müəssisəsinin rəhbəri daşıyırlar.
İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.
Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər.