"Keşikçidağ" mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Gürcüstanla sərhədd zolağı boyunca 25 km-dək uzanır. Ceyrançöl adlanan ərazidə, dəniz səviyyəsindən 750–950 m hündürlükdə Qatardağ silsiləsində sıldırım qayalıqlarda yerləşir.
Burada 100-ə qədər ilkin və orta əsrlər dövrünə aid müxtəlif ölçü və formada yaradılmış süni və təbii mağaralar yer alır. Buradakı təbii mağaraların yaşı 2 min il bundan əvvələ gedir. Süni mağaralar isə VIII-XV əsrlər aralığında yonularaq düzəldilib.
Qədim Alban irsinin yadigarı olan "Keşikçidağ" mağaralar kompleksində araşdırmalar, yalnız müstəqillik illərində mümkün olub. Sovetlər dönəmində, 1948-ci ildən başlayaraq ərazidə təlim poliqonu yerləşib. Hərbi obyekt olması səbəbindən buralarda gəzmək belə, yasaq olub. Hətta bir neçə mağara artilleriya atəşi nəticəsində dağıntıya məruz qalıb.
Prezident İlham Əliyev, 2005-ci ildə Azərbaycan-Gürcüstan dövlət sərhədlərinin mühafizəsi ilə şəxsən tanış olarkən bu əraziyə baş çəkib. 2007-ci ildə isə dövlət başçısının sərəncamı ilə mağaralar kompleksindəki mədəniyyət abidələrinin daha dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazi "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. Qoruq ərazisində olan ən hündür yüksəkliklərin biri ölkə prezidentinin şərəfinə "İlham Əliyev zirvəsi" adlandırılıb.
Keşikçidağ mağaralar kompleksindən çəkilən fotoları Sputnik Azərbaycan-ın fotolentindən izləyə bilərsiz.