Hilal Baydarovun filmi beynəlxalq mükafata layiq görülüb

© AP Photo / Petros GiannakourisКинопленка, фото из архива
Кинопленка, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.06.2021
Abunə olmaq
Mərasimdə İsmailiyə valisi Şərif Fəhmi Bişara, Misir Mədəniyyət Nazirliyinin müşaviri Xalid Əbdel Cəlil, tanınmış kinoaktyorlar və rejissorlar iştirak ediblər.

BAKI, 23 iyun — Sputnik. Azərbaycanlı kinorejissor Hilal Baydarovun "Xurmalar yetişən vaxt" filmi iyunun 16-dan 22-dək Misirin İsmailiyə şəhərində keçirilən 22-ci Beynəlxalq Sənədli və Qısametrajlı Filmlər Festivalının "Ən yaxşı sənədli film" nominasiyasında mükafata layiq görülüb.

Sputnik Azərbaycan xəbər verir ki, Süveyş kanalının sahilində keçirilən mükafatların təqdimatı mərasimində Misir, Suriya, İtaliya kino tənqidçiləri azərbaycanlı kinorejissorun mükafatını ölkəmizin Misirdəki səfirliyinin əməkdaşı Emil Rəhimliyə təqdim ediblər.

Mərasimdə İsmailiyə valisi Şərif Fəhmi Bişara, Misir Mədəniyyət Nazirliyinin müşaviri Xalid Əbdel Cəlil, tanınmış kinoaktyorlar və rejissorlar iştirak ediblər. Ərəb dünyasında ilk sənədli və qısametrajlı filmlərin festivalı olan İsmailiyə Kinofestivalında bu il 44 ölkədən ekran əsərləri nümayiş etdirilib. Onların 8-i müxtəlif nominasiyalarda mükafatlara layiq görülüb.

Qeyd edək ki, rejissor Hilal Baydarovun filmində vaxtı tənzimləyən əsas amil torpaqdır. Hər yay olduğu kimi Baydarov və qardaşı, ata evində tək qalmış analarına baş çəkməyə gedirlər. Xurmanın yetişən vaxtlarıdır. Bu mövsümdə kənddə yaşayan insanlar məhsulun yığımı, hazırlanması və saxlanması üçün bir araya gəlir. Rejissorun ailəsi üçün xoşbəxt bir gün olsa da, mövsüm sona çatanda ana yenidən öz təkliyi ilə baş-başa qalacaq.

Jestlərdən, hərəkətlərdən təsirlənən Baydarov, günbəgün sevdiklərinin bədənlərini sanki əzəmətli bir xoreoqrafiya nümunəsi kimi öz kamerasının yaddaşına köçürüb. Beləliklə evini, ailəsini və yaşadığı yeri tərk etməyin kədərli hissiyyatını özündə ehtiva edən səmimiyyəti tamaşaçıya çatdırır. "Xurmalar Yetişən Vaxt" kənd həyatının poetik təsviri ilə güclü ana portreti arasında yer tutur özünə. Film hər hansısa bir kateqoriyalaşma cəhdindən qaçır. Baydarov beləcə, tamaşaçıya kəndə qayıdış və kənddə yazın donmuş bir dövrünü çatdırır.

Xatırladaq ki, Hilal Baydarovun "Xurmalar yetişən vaxt" filmi bundan öncə bir sıra festivallarda uğur qazanıb. Sözügedən film 2019-cu ildə 25-ci Sarayevo Film Festivalında "Ən yaxşı sənədli film" nominasiyasında qalib olub. Bundan başqa, "Nyon Visions du Reel" Film Festivalında "Dinlərarası mükafat"a və "Münsiflər heyətinin mükafatı"na layiq görülüb.

Xəbər lenti
0