Azərbaycan jurnalistlərinin Kəlbəcərdə minada həlak olması məsələsi AŞPA-da qaldırılıb

© Sputnik / Kemale AliyevaSirac Abışov və Məhərrəm İbrahimovun xatirəsinə anım guşəsi
Sirac Abışov və Məhərrəm İbrahimovun xatirəsinə anım guşəsi - Sputnik Azərbaycan, 1920, 21.06.2021
Abunə olmaq
Kamal Cəfərov bu gün AŞPA-nın işə başlayan yay sessiyası zamanı çıxışında işğaldan azad edilən Azərbaycan torpaqlarında aparılan quruculuq işlərindən söz açıb.

BAKI, 21 iyun — Sputnik. Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Kamal Cəfərov AŞPA-nın bu gün işinə başlayan yay sessiyası zamanı minaya düşən Azərbaycan jurnalistləri haqqında danışıb. 

"Biz Qarabağı yenidən inşa edirik. Ancaq hazırda ən başlıca problemlər minalardır. Biz 15 erməni əsiri 97 min minanın basdırıldığı ərazinin xəritəsi ilə dəyişdik. Ancaq bildiyiniz kimi, ötən sessiyada erməni nümayəndə heyəti belə xəritələrin mövcudluğunu inkar edirdi. Bir neçə həftə öncə isə iki Azərbaycan jurnalisti minaya düşərək həlak oldu. Bu, beynəlxalq hüququn, üçtərəfli bəyanatın pozulmasıdır", - deyə o vurğulayıb.

K.Cəfərov qeyd edib ki, son 30 il ərzində Qarabağ inkişafdan məhrum olub, orada heç bir tərəqqi olmayıb. Ermənistan 3 min mədəniyyət və dini irs abidələri daxil olmaqla, hər şeyi məhv edib. Azad olmuş ərazilərə səfər edən bütün xarici qonaqlar bu görünməmiş barbarlığın şahidi olublar.

"Qarabağa bir də indi baxın. Qarabağ bu gün milyonlarla azərbaycanlı məcburi köçkün üçün yüksələn rifah və ümid ocağına çevrilib", - azərbaycanlı parlamentari işğaldan azad edilən ərazilərdəki quruculuq işlərindən bəhs edərkən deyib.   

O qeyd edib ki, Qarabağın yenidən qurulmasına milyardlarla avro sərmayə yatırılıb. ABŞ, Çin, İtaliya, Türkiyə, İsrail, İngiltərə və digər ölkələrdən xarici şirkətlər artıq Qarabağda inkişafın müxtəlif sahələrində fəaliyyətə başlayıblar.

XXI əsrin Xirosiması

XXI əsrin Hiroşiması adlandırılan Ağdamın baş planı artıq təsdiqlənib. Füzulidən Şuşaya gedən “Zəfər yolu”, eləcə də Füzulidən Cəbrayıl və Hadruta gedən yollar tikilməkdədir. Füzuli, Zəngilan və Laçında yeni beynəlxalq hava limanları tikilir.

Azərbaycan Prezidenti İlham Əliyev şəxsən Zəngilanda ilk “Ağıllı kənd” layihəsinin təməl daşını qoydu. Bu innovativ layihə, BMT-nin davamlı inkişaf hədəflərinə çatmaq üçün ən mühüm vasitələrdən biri hesab edilir.

Siz bilməlisiniz ki, biz Qarabağı sıfırdan yaradıb, qururuq və azad edilmiş ərazilər Lüksemburqdan dörd dəfə böyükdür. Pənahəli Xan öz dövründə Qarabağın təməlini qoydu, tikdirdi. Azərbaycanın onun qurduğu diyarı yenidən quracağına şübhə ola bilməz.

Əsas problemimiz minalardır. Müharibədən sonra ərazilərimizə daxil olmuş erməni təxribatçı qrupunun saxlanılmış üzvlərindən 15 nəfərini təkcə Ağdamda yerləşdirilmiş 97 min mina xəritəsi ilə mübadilə etdik.

Xatırlayırsınızsa, yaz sessiyasında Ermənistan nümayəndə heyəti bu cür xəritələrin mövcudluğuna etiraz edirdi. Bir neçə həftə əvvəl bu minalar 2 jurnalist və 1 dövkət qulluqçusunun ölümünə səbəb oldu. Ümumilikdə, erməni minalarından bu günə qədər 144 nəfər həyatını itirib və ya yaralanıb.

Bu müharibə cinayətidir, bu beynəlxalq humanitar hüququn və ötən il imzalanmış üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır.

Həmkarlarımdan bütün mina xəritələrini təhvil verməsi üçün Ermənistana təzyiq göstərmələrini xahiş edirəm”, - deyə K. Cəfərov AŞPA üzvlərinə çağırış edib.

Jurnalistlərin minaya düşərək həlak olması

Xatrladaq ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Nəticədə 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

Xəbər lenti
0