CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mingəçevir sakinləri təşvişdə: "İlanlar artıq ev heyvanına çevrilib" - FOTO

© Sputnik / Rahim MammadovTurbaza sakinləri
Turbaza sakinləri - Sputnik Azərbaycan, 1920, 21.06.2021
Abunə olmaq
İlan zəhəri bəzi xəstəliklər üçün faydalı olsa da, ilan sancanın həyatda qalması üçün bəzən dəqiqələr belə çatmır. Mingəçevirdə Boz dağ adlanan ərazidə daha çox yayılan gürzənin zəhərindən istifadə mümkündür. Ancaq hələ ki, ondan qorunmaq lazım gəlir.

BAKI, 21 iyun — Sputnik. Mingəçevir şəhərində yerləşən keçmiş turist bazasında ilanlar sakinlər üçün qorxulu kabusa çevrilib.

Sputnik Azərbaycan xəbər verir ki, isti günlərdə ilanların sayı daha da artdığından onlar insanlara, ev quşlarına zərər yetirirlər. Turbazada Ağdam, Kəlbəcər, Laçın rayonundan olan sakinlər məskunlaşıblar.

© Sputnik / Rahim MammadovMingəçevirdə keçmiş turist bazasında məskunlaşan sakinlər
Mingəçevir sakinləri təşvişdə: İlanlar artıq ev heyvanına çevrilib -  FOTO - Sputnik Azərbaycan, 1920, 21.06.2021
Mingəçevirdə keçmiş turist bazasında məskunlaşan sakinlər

Ağdam sakini olan Valeh Məcnunov Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində ilanların soyuducudan, divara asılan xalçanın arxasından çıxdığını deyib: “Düzünü desəm, ilanlar, demək olar ki, biz sakinlərin ev heyvanına çevrilib. Həyətdə, evin içində rahat sürünürlər. Həyat yoldaşım bir neçə gün öncə soyuducunu açanda gürzə ayağının üstünə düşüb. Çox qorxmuşdu, böyük oğlum özünü çatdırıb tez məhv etmişdi. Kiçik oğlum Muradı isə həyətdə gəzən zaman ayağından sancıb. Tez xəstəxanaya çatdırdıq, şükür, ciddi problem yaranmadı. Azyaşlı uşaqlara görə qorxuruq, onları sancsa, ağır fəsadları ola bilər. Bu zəhərli canlılara bir əncam çəksələr, yaxşı olar”.

© Sputnik / Rahim MammadovLaçın sakini Gözəl Teymurova
Mingəçevir sakinləri təşvişdə: İlanlar artıq ev heyvanına çevrilib -  FOTO - Sputnik Azərbaycan, 1920, 21.06.2021
Laçın sakini Gözəl Teymurova

İlanlarla bərabər, əqrəb və digər zəhərli həşəratlar da turbazada təhlükə saçır. İlanlar insanlarla yanaşı, toyuq-cücəyə də zərər yetirir. Laçın sakini Gözəl Teymurova Sputnik Azərbaycan-a bildirib: “Otuz ildir burada məskunlaşmışıq, elə ilanlar da bizimlə bərabərdir. İsti günlərdə daha da artırlar. Qızım toyuq hinində də görüb, hətta qoluna dolanıb ona zərər yetirməyə az qalmış özümü çatdırıb bellə başını əzmişəm. Çox qorxuludur buralar".

Gözəl xanım tezliklə yurduna dönəcəyi və doğma torpağına qovuşmaq sevinci ilə yanaşı, sürünənlərdən də canını qurtaracağı günü gözləyir: "Çox sağ olsun şanlı ordumuz, möhtərəm prezidentimiz, torpaqlarımızı işğaldan azad etdilər. Tezliklə öz kəndimizə qayıdacağım günü gözləyirəm”.

Turbazada yaşayanlar bildirirlər ki, əvvəlki illərdə ərazi dizinfeksiya ediləndə həşəratlar, ilanlar nisbətən azalmışdı. Bu il isə burada dərmanlama işləri aparılmayıb. Mingəçevir Dezinfeksiya İdarəsindən isə Sputnik Azərbaycan-a bildirilib ki, onlar təsərrüfat hesablı idarə olduqlarına görə dərmanlama işləri üçün müqavilə bağlanmalıdır.

Eləcə də oxuyun:

Xəbər lenti
0