BAKI, 20 iyun - Sputnik. İranın cənubundakı Buşəhr Atom Elektrik Stansiyasında təcili elektrik kəsilməsi baş verib. Bu barədə Press TV məlumat yayıb.
Telekanalın məlumatına görə, üç gün əvvəl Atom Elektrik Stansiyasının fəaliyyəti dayandırılıb. Bu da 1000 meqavatt həcmində elektrik enerjisi istehsalının çatışmazlığına səbəb olub.
Texniki nasazlığın aradan qaldırılması bir neçə gün çəkəcək və bu müddət ərzində AES-in istismarı dayandırılacaq.
Buşəhr AES-in tarixçəsi
Ölkənin cənubundakı Buşəhr şəhəri yaxınlığında İranın nüvə elektrik stansiyasının inşasına 1975-ci ildə bir Qərbi Alman konserni tərəfindən başlanılıb. Lakin bu tikinti 1979-cu ildə İranda İslam inqilabı baş verəndən sonra dayandırılıb.
1995-ci ildə "Zarubejatomenerqostroy" (indiki “AtomStroyExport”) AES-in 1-ci blokunun tamamlanması və yenidən qurulması üçün İranın Atom Enerjisi Təşkilatı ilə müqavilə imzalayıb. 2011-ci ilin sentyabr ayında o, şəbəkəyə qoşulub və onun İrana rəsmi köçürülməsi 2013-cü ilin sentyabrında baş verib.
2014-cü ilin noyabrında Rusiya ilə Atom Elektrik Stansiyasının ikinci mərhələsinin - VVER-1000 reaktorları olan 2-ci və 3-cü enerji bloklarının inşası üçün növbəti müqavilə imzalanıb. Çünki alman dizaynı əsasında qurulmuş 2-ci enerji bloku tamamlanmaq üçün uyğun hesab edilməyib və onun sökülməsinə qərar verilib. Onun inşaat dəyəri təxminən 10 milyard dollar idi. Maliyyə xərclərini iranlı sifarişçi - İranın Nüvə Enerjisi İstehsal və İnkişaf Şirkəti (Nuclear Power Production and Development Company of Iran (NPPD)) öz üzərinə götürüb.
Baş podratçı “AtomStroyExport” şirkəti olub. Təməlqoyma mərasimi 2016-cı ilin sentyabr ayında baş tutub. 2017-ci ilin oktyabr ayında stansiyanın ikinci dərəcəli əsas binalarının təməl çalasında tikinti-quraşdırma işlərinə başlanılıb. 2-ci və 3-cü blokların müvafiq olaraq 2024 və 2026-cı illərdə istismara verilməsi planlaşdırılır. 10 Noyabr 2019-cu ildə ikinci enerji blokunun inşasına başlanılıb.
Rusiya İrana birinci blokun reaktorunun işləməsi üçün tələb olunan nüvə yanacağı verir. Rusiyanın İrandakı səfirliyi 29 aprel 2020-ci il tarixdə İrana təzə bir yanacaq partiyasının çatdırıldığını bildirib.
AES tam gücüylə işə başlayıb
Bu ilin mayında yayılan xəbərlərə görə, İranın cənubunda yerləşən Buşəhr Atom-Elektrik Stansiyası (AES) tam gücüylə fəaliyyətə başlayıb.
Bu barədə Rusiyanın “AtomStroyExport” şirkəti açıqlama yayıb. Şirkətdən stansiyanın hazırda maksimum səviyyədə elektrik enerjisi istehsal etdiyi və istehsalın 1000 megavata çıxdığı bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın “AtomStroyExport” şirkəti mayın 23-dən Buşəhr AES-in gücünün 75%-dən 100%-ə çatdırılacağını açıqlayıb. Stansiyanın təkmilləşdirilməsi üçün 1995-ci ildə İranla Rusiya arasında təxminən 1 milyard dollar məbləğində müqavilə imzalanıb.