BAKI, 19 iyun - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün ölüm faktı qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 335 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 462 nəfər müalicə olunaraq sağalıb, 4 961 nəfər vəfat edib. 1 014 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 254, bu günə qədər isə ümumilikdə 3 668 281 test icra olunub.
Koronavirus bəlası
Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi. Koronavirus pandemiyası Azərbaycanda da həyatın axarını dəyişdi. Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı.
Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Hazırda ölkəmizdə koronavirus əleyhinə vaksinasiya uğurla davam etdirildiyindən ölkəmizdə karantin qaydalarının yumşaldılması davam edir.