BAKI, 19 iyun — Sputnik. Goranboyda gecə saatlarında eyni yolda bir neçə dəqiqəlik ara ilə iki yol-nəqliyyat hadisəsi baş verib. Əvvəlcə idarəetmədən çıxan "Vaz 21-06" markalı avtomobil Səfikürd kəndində, yeni təmir edilən yolda dərəyə aşıb.
Sputnik Azərbaycan-ın bölgə müxbiri Rahim Məmmədov xəbər verir ki, avtomobilin sürücü, 60 yaşlı Nazim Həsənov hadisə yerində dünyasını dəyişib.
Baş verən ağır qəzadan bir neçə dəqiqə sonra, həmin yolda daha bir yol qəzası qeydə alınıb. Belə ki, Teymur Hüseynovun idarə etdiyi "Vaz 21-07" markalı minik maşını yoldan çıxaraq çəpərə çırpılıb. Hadisə zamanı avtomobil yararsız hala düşsə də, xoşbəxtlikdən xəsarət alan olmayıb. Sürücü qəzaya səbəb kimi yeni çəkilən yolun ətrafının hamarlanmamasını göstərib:
"Yolun kənarında böyük bir daş vardı, onu görmədim. Maşın ona dəyən kimi fırlandı, getdim girdim çəpərə. Hər hansı xəsarət almadım, çox şükür. Yol təzə çəkilib, amma kənarlarını doldurmayıblar, asfalt qatı çox hündürdü. Həm də böyük daşlar qoyulub həmin hissələrə, gecə vaxtı görmək olmur. Nəticədə belə qəzalar baş verir."
Goranboy rayonun Səfikürd kəndində qeydə alınan hər iki faktla bağlı araşdırma aparılır.