BAKI, 15 iyun — Sputnik. Türkiyə futbolçularının Bakıda Azərbaycan xalqından gördüyü dəstək komandanın AVRO-2020-nin pley-off mərhələsinə çıxmasına kömək edə bilər. Bunu Türkiyə millisinin oyunçusu Burak Ylmaz deyib.
Türkiyə yığması çərşənbə günü, iyunun 16-da qrup mərhələsinin ikinci turunda Uels yığması ilə qarşılaşacaq. İlk oyunda türklər italyanlara 0:3 hesabı ilə məğlub olublar.
"Bilirik ki, bir çox azarkeşlər burada Türkiyə millisinin oyunlarını gözləyirlər. Bütün komanda adından Azərbaycan xalqına minnətdarlığımı ifadə etmək istərdim. Onlar bizim qardaşlarımız, dostlarımızdır. Bakıda biz özümüzü evdəki kimi hiss edirik. Ümidvaram ki, onların dəstəyi bizə oyunda kömək edəcək. Yarışmaya həqiqətən pis başlamağımıza baxmayaraq, bizim hələ pley-offa çıxmaq şansımız var", - deyə Yılmaz mətbuat konfransında bildirib.