BAKI, 15 iyun - Sputnik. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan xalqını təbrik ediblər.
Prezidentin Twitter-dəki səhifəsində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə paylaşımında ümummilli lider Heydər Əliyevin bu sözləri yer alıb: “Bizim ən böyük vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək və onu əbədi etməkdir”.
— İlham Əliyev (@azpresident) June 14, 2021
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində yazıb: “Əziz həmvətənlər! Sizi Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə həmişə sülh, əmin-amanlıq, sabitlik, birlik və rifah hökm sürsün! Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!"
Azərbaycanda Milli Qurtuluş Günü
1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.
Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib. Lakin yürüdülən yarıtmaz siyasət nəticəsində qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edib.
Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Heydər Əliyevə müraciət edib. Naxçıvan MR Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.
15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.