CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diplom işi yazmaq yox, dövlət imtahanı yox - Yeni qərarın kadr hazırlığına təsiri

© AFP 2024 / NATALIA KOLESNIKOVAСтуденты, фото из архива
Студенты, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.06.2021
Abunə olmaq
Nazirlər Kabinetinin bu qərarı ölkənin ali təhsil müəssisələrində təhsil alan 167 min bakalavrdan son kursda oxuyan 44 min məzuna şamil olunacaq.

BAKI, 14 iyun — Sputnik. Bu il də ali və orta ixtisas təhsili üzrə məzunlar dövlət imtahanından azad olunacaq. Baş nazirin dünən imzaladığı bu qərarın keyfiyyətli kadr hazırlığına təsiri Sputnik Azərbaycan-ın müxbiri Zülfiyyə Quluyevanın araşdırmasında...

Artıq iki ildir ki, pandemiya səbəbindən ali təhsil müəssisələrinin məzunları dövlət imtahanından azad edilirlər. Dünən Baş nazir Əli Əsədovun verdiyi qərara əsasən, orta ixtisas təhsili pilləsində bütün ixtisaslar üzrə, bakalavriat səviyyəsində isə xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG) uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunurlar.

Sputnik Azərbaycan pandemiya dövründə məzunlara edilmiş bu güzəştlərin kadr hazırlığının keyfiyyətinə təsirini araşdırıb. Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin karantin dövründə bu qərarı verməsi məqsədəuyğundur: "Baş nazir tərəfindən verilən qərarla bu il dövlət imtahanı verəcək tələbələr dövlət imtahanından azad edilirlər. Onların qiymətləndirilməsi əvvəlki illərin nəticələrinə görə baş tutacaq. Ötən il də Nazirlər Kabineti belə bir qərar vermişdi. Builki tədris ili də pandemiya şəraitində davam etdi. Təhsilalanlar xeyli əziyyət çəkməli oldular. Ona görə də NK-nın bu qərarını çox humanist və pandemiya dövrünə uyğun qəbul edilmiş qərar hesab edirəm".

İ.Orucov deyir ki, bu qərar dövlətin təhsilalanlara münasibətidir. Onun sözlərinə görə, bununla pandemiya dönəmində dərs proqramını mənimsəməyə çətinlik çəkmiş tələbələrin işi yüngülləşmiş oldu. Ekspert bildirir ki, bu tədris ilində böyük əksəriyyəti rayonlarda yaşayan tələbələr arasında onlayn təhsilə qoşulmaqda çətinlik yaşayanlar olub. Dövlət onlara dəstək olmağa çalışsa da, internetə əli çatmayan tələbələr az deyil.

İ.Orucov bildirir ki, bu qərar keyfiyyətli mütəxəssis hazırlığına elə də ciddi təsir göstərməyəcək. Onun sözlərinə görə, müasir dövrdə dörd il universitet təhsili kifayət etmir: "Müasir dövrdə insanlar daim yenilikləri öyrənməlidirlər. Ali təhsil müddətində əldə edilən biliklər daim artırılmalıdır. Çünki dövr bunu tələb edir. Pandemiya dövründə tətbiq edilən güzəştlər onların biliyinin azalması ilə nəticələnməyəcək. Koronavirus pandemiyası təkcə Azərbaycanda deyil, dünyada təhsilin keyfiyyətinə təsir göstərdi. Nəzərə almaq lazımdır ki, əvvəlki imtahanlarda qazanılan qiymətlərlə onların biliyi qiymətləndirilir. Tələbələr pandemiya dövründə kifayət qədər stres və çətinliklə üzləşiblər. Ona görə də verilən qərarı pandemiya şəraitinə uyğun hesab edirəm. Biliyi insan yalnız tələbə olduğu müddətdə qazanmır. Baza biliyini daim təkmilləşdirməyə ehtiyac var. Bu əmək bazarının tələbidir. Hazırkı dövrdə əsas məsələ insanların sağlamlığını qorumaq, onların qayğısına qalmaqdır", - deyə İ.Orucov bildirir.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya ali və orta ixtisas təhsil müəssisələrinin fəaliyyətinə təsir edib. Tələbələr bu şəraitdə normal təhsil almaqda çətinlik çəkiblər. Onun sözlərinə görə, mühazirədə iştirak edə bilməmək, kitabxanaların əlçatan olmaması tələbələr üçün çox ciddi problemlərdir: "Bunların fonunda yekun dövlət imtahanının keçirilməsi çətin ola bilərdi. Tələbələrin diplom işi yazması üçün kitabxanalardan istifadə etməsi vacib idi. Pandemiya şəraitində isə bu imkanlardan bəhrələnmək məhduddur. Tələbələr elmi rəhbərləri ilə görüşə bilmirlər. Ona görə də bu mövcud şərtlər daxilində atılmış doğru addımdır. Çünki ən əlaçı tələbə belə, iki-üç il əvvəlki materialları oxumaq üçün kitabxanaya getməlidir", - deyə ekspert bildirir.

K.Əsədovun sözlərinə görə, dünyanın heç bir ölkəsində yekun attestasiya yoxdur. O bildirir ki, müxtəlif ölkələrin bununla bağlı təcrübəsi var: "Əgər diplomu dövlət verirsə, dövlət imtahan keçirməlidir. Amma semestr imtahanlarını təhsili həyata keçirən qurum yox, müstəqil qurum həyata keçirir. Bu da keyfiyyət üçün vacib amildir. Amma ümumilikdə götürdükdə Azərbaycan universitetləri keyfiyyətli kadr hazırlamır. Təbii ki, bu güzəşt müəyyən mənada tələbələrin ixtisas biliklərinin zəif olmasına gətirib çıxara bilər. Amma pandemiyanın çətinliklərini nəzərə alsaq, bunu ədalətli qərar kimi qiymətləndirmək lazımdır", - deyə K.Əsədov bildirir.

Təhsil Nazirliyindən isə bildirilir ki, ötən ildən başlayaraq Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, ali və orta ixtisas təhsili müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil edilib. Cari tədris ilinin payız semestrinin imtahan sessiyası onlayn şəkildə keçirilib. Hazırda xüsusi karantin rejimi davam etdiyinə görə Təhsil Nazirliyinin təklifinə əsasən, Nazirlər Kabinetinin 5 iyun 2021-ci il tarixli 158 nömrəli qərarına uyğun olaraq ötən tədris ilində olduğu kimi, cari tədris ilində də orta ixtisas təhsili pilləsində (bütün ixtisaslar üzrə) və ali təhsil pilləsinin bakalavriat səviyyəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə) tələbələrin yekun dövlət attestasiyası üzrə biliyinin qiymətləndirilməsinin təhsil müddətində əldə etdikləri nəticələr (ÜOMG) əsasında aparılması məqsədəmüvafiq hesab edilib.

NK-nın müvafiq qərarına əsasən, orta ixtisas təhsili pilləsində bütün ixtisaslar üzrə, bakalavriat səviyyəsində isə xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG) uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunurlar. Bakalavriat səviyyəsinin xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları üzrə yekun dövlət attestasiyası, eləcə də magistratura səviyyəsində də bütün ixtisaslar üzrə yekun attestasiya məcburidir. Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilir. Orta ixtisas təhsili pilləsində və ali təhsilin bakalavriat səviyyəsində təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə üçün dövlət attestasiya sınaqları təşkil ediləcək. Orta ixtisas təhsili müəssisələri və ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi qaydaları təhsil müəssisələri və AMEA (magistratura səviyyəsi üçün) tərəfindən müəyyən edilir.

Sonda onu da qeyd edək ki, Nazirlər Kabinetinin bu qərarı ölkənin ali təhsil müəssisələrində təhsil alan 167 min bakalavrdan son kursda oxuyan 44 min məzuna şamil olunacaq.

Xəbər lenti
0