Bakıdakı avtomobil sahiblərinə müraciət: BNA və DYP anlayış gözləyir

© Sputnik / Murad OrujovBakıda avtomobil tıxacı
Bakıda avtomobil tıxacı - Sputnik Azərbaycan, 1920, 14.06.2021
Abunə olmaq
Yol hərəkətinə məsul qurumlar xəbərdarlıq edir ki, rahat və fasiləsiz hərəkətə maneə yaradan avtomobillər qanunla müəyyən edilən qaydada təxliyyə olunacaq!

BAKI, 14 iyun — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (BDYP) İdarəsi 16, 20 iyun və 3 iyul tarixlərində yol iştirakçılarını ciddi zərurət olmadığı halda şəxsi nəqliyyat vasitəsindən istifadə etməməyə səsləyib.

Onların birgə məlumatında deyilir ki, 4-6 iyun tarixlərində Formula 1 üzrə Azərbaycan Qran Prisi mükəmməl evsahibliyi ilə reallaşıb. İyunun 12-si tarixində ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib.

"Yüksək səviyyəli təşkilatçılıqla yanaşı mötəbər idman tədbirlərinin uğurla keçirilməsində hərəkət iştirakçılarının da nümayiş etdirdiyi anlayışın əhəmiyyətini vurğulayaraq bir daha onlara verdikləri dəstəyə görə təşəkkür edirik. Vətəndaşlarımız müəyyən edilən qaydalara və tövsiyələrə riayət etməklə oyunların, xüsusilə də nəqliyyat tədbirlərinin yüksək səviyyədə reallaşmasına əvvəzsiz dəstək olublar. Hərəkət iştirakçılarının AVRO-2020 Futbol üzrə Avropa çempionatının 16, 20 iyun və 3 iyul tarixlərində Bakıda keçiriləcək oyunları zamanı da eyni səmimiyyət və anlayış nümayiş etdirəcəklərinə inamımız sonsuzdur", - məlumatda deyilir.

BNA və DİN BDYP xüsusi ilə 16 iyun tarixində Türkiyə-Uels Milli Komandalarının oyunu ilə əlaqədar hərəkət iştirakçılarından müəyyən edilən qaydalara və tövsiyələrə əməl etmələrini xahiş edir.

"Qardaş ölkə təmsilçilərinin oyununa marağın böyük olacağını və həmin gün şəhərdə yüksək səviyyəli tədbirlərin keçiriləcəyini nəzərə alaraq hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə və yollarda həmrəy olmağa dəvət edirik. Xahiş edirik ki, ciddi zərurət olmadığı halda şəxsi nəqliyyat vasitəsindən istifadə etməyin. Bu, yollarda nəqliyyat vasitələrinin, xüsusən də müntəzəm və ekspres xətlər üzrə avtobusların maneəsiz hərəkəti, lüzumsuz sıxlıqların yaranmaması üçün vacibdir. Həmçinin, avtomobilləri dayanma-durmanın qadağan edildiyi yerlərdə, o cümlədən avtobus dayanacaqlarının ərazisində və avtobus zolaqlarında park etməyin. Rahat və fasiləsiz hərəkətə maneə yaradan avtomobillər qanunla müəyyən edilən qaydada təxliyyə olunacaq. Məlumat üçün bildiririk ki, biletli azarkeşlərin daşınması mövcud nəqliyyat planına əsasən ekspres marşrutlarla icra ediləcək", - deyə müraciətdə qeyd olunub.

AVRO-2020 Bakıda

Qeyd edək ki, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü A qrupunda baş tutacaq. Onlardan biri 12 iyunda Uels – İsveçrə (saat 17:00-da) təşkil olunub. 16 iyunda Türkiyə - Uels (saat 20:00), 20 iyunda Türkiyə - İsveçrə (saat 20:00) görüşləri 1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması saat 20:00-da start götürəcək.

Onu da xatırladaq ki, Azərbaycanda keçiriləcək AVRO-2020-nin qrup oyunlarına gələcək azarkeşlər koronavirus pandemiyası səbəbindən karantinə alınmayacaq. Türkiyə, İsveçrə və Böyük Britaniyadan olan bilet sahibləri, həmçinin 1/4 final iştirakçılarının azarkeşləri vizaları Bakıya çatarkən hava limanında əldə edəcəklər.

Onlar bu sənədi onlayn şəkildə də ala bilərlər. Standart vizalar onlayn rejimdə üç iş gününə alınırsa, bunu təcili şəkildə 3-5 saata həll etmək olacaq. Bütün azarkeşlərə müvafiq qaydalara əməl etmək tövsiyə olunacaq. Azarkeşlər ölkəyə daxil olarkən sərhəddə bileti və koronavirus testinin mənfi nəticə göstərdiyini təsdiqləyən sənədi göstərməlidir.

Stadiona giriş üçün əlavə testə ehtiyac olmayacaq. Koronavirus pandemiyası nəzərə alınaraq Bakıda fanzonalar təşkil edilməyəcək. Bu, insanların bir yerə toplaşmaması üçündür.

Xəbər lenti
0