BAKI, 13 iyun - Sputnik. Ermənistan Vəkillər palatasının rəhbəri Ara Zöhrabyan MSK-ya baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın başçılıq etdiyi "Vətəndaş sazişi" partiyasının parlament seçkilərində qeydiyyatdan məhrum etmək üçün məhkəməyə müraciət etməyi təklif edib.
Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən məlumat verir.
Zöhrabyan Paşinyanı seçki kampaniyası dövründə zorakılığa çağırış etməkdə günahlandırıb. Mərkəzi Seçki Komissiyasının iyunun 13-də keçirilmiş iclasında o, həmtəsisçisi olduğu Milli-xristian "Zartonk" ("Oyanış") partiyasının adından bu təklifi edib.
"Paşinyanın nifrət ritorikasına və zorakılığa çağırışa görə azad seçkilərin keçirilməsi təmin edilmir", - Zöhrabyan bəyan edib.
O, izahat vermək üçün Paşinyanı MSK-nın iclasına çağırmağı təklif edib.
Sonuncunun nümayəndələri isə onun ritorikasını cinayətkarları məsuliyyətə cəlb etmək vədi kimi qiymətləndirmək lazım olduğunu deyirlər.
Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək.