BAKI, 12 iyun — Sputnik. Yay fəsli yaxınlaşdıqca çimərliklərə, su hövzələrinə gedənlər artır. Mərkəzi Aran digər bölgələrdən daha isti olduğundan uşaq, yeniyetmə, eləcə də böyüklər suya girib sərinləməyə çalışırlar. Bölgədə çimərliklər o qədər də çox olmadığından onlar yaxınlıqdan axan Yuxarı Qarabağ kanalına, digər su hövzələrinə çimməyə gedirlər. Bu isə çox təhlükəli olur, hətta boğulmalara belə gətirib çıxarır. Üzə bilməyən, amma suya girib sərinləmək istəyənlərin çox vaxt cansız bədəni sudan çıxarılır. Elə ötən gün Yuxarı Qarabağ kanalının Mingəçevirdən keçən hissəsində olduğu kimi.
Sputnik Azərbaycan xəbər verir ki, şəhər sakini, 2006-cı il təvəllüdlü Elvin Əzizov kanalın içərisində olan iri beton parçalarının üzərinэ çıxıb əlini yuyan zaman sürüşərək suya düşüb. Yeniyetmə üzə bilmədiyindən kanalda boğularaq dünyasını dəyişib. Onun cansız bədənini FHN-in xilasediciləri sudan çıxararaq adiyyəti üzrə təhvil veriblər. Başlanğıcını Mingəçevir su anbarından götürən Yuxarı Qarabağ kanalında isti yay günlərində çimənlər çox olduğundan boğulma hadisələri də tez-tez baş verir. Kanal keçən ərazinin yaxınlığında yaşayan Eldəniz Atakişiyev yay aylarında uşaqların, yeniyetmələrin kanala tez-tez gəldiyini deyir. Hətta iyunun geridə qoyduğumuz günləri ərzində 3 nəfər suda boğulma təhlükəsi ilə üz-üzə qalıb:
“Havalar isinən kimi böyüklü-kiçikli hamı gəlir kanala çimməyə. Bura tək Mingəçevirdən deyil, digər qonşu rayonlardan da gəlirlər. İyun ayı hələ yarılanmayıb, 12 gündə 3 uşaq kanalda boğulma təhlükəsi ilə üzləşib, biz ətrafda yaşayanlar onları xilas etmişik. Bu 15 yaşlı oğlan da kanalın içərisində betonlar var, onun üzərində oturub ayaqlarını suya salıbmış. Əyilib əlini yuyan vaxt sürüşüb düşüb. Biz çatanda gördük, xilasedicilər axtarırlar. Təxminən batdığı yerdən iki yüz metr aralıda tapıldı".
Çimmək üçün kanala əsasən uşaq və yeniyetmələr daha çox gəlirlər. Onlar müxtəlif əşyaları üzərlərinə bağlayıb suya düşürlər. Bu isə çimərkən daha təhlükəli vəziyyət yaradır və onların boğulmasına səbəb olur. Şəhər sakini Ramiz Kərimov Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində həyəcan təbili çalıb:
“Valideynlərindən xəbərsiz 14-15 yaşlı uşaqlar gəlirlər kanala çimməyə. Əksəriyyəti üzə bilmir, qoşulur yaşıdlarına, gəlib girirlər suya. Suda batmamaq üçün qollarına boş kapron butulkalar bağlayırlar, guya o vasitə ilə batmaqdan sığortalanacaqlar. Suya atılan zaman həmin vasitələr ipdən qırılır, onlar da suda batır, boğulurlar. Şəxsən elə vəziyyətə düşən iki uşağı xilas etmişəm. Valideynlərə çağırış edirəm: övladlarınızı diqqətdən kənarda saxlamayın. Nəzarət edin, gəlib çimirlər, sonda bədbəxt hadisə baş verir”.
Qeyd edək ki, Yuxarı Qarabağ kanalı 1958-ci ildə istismara verilib. Kanal Qarabağ və Mil düzlərini suvarmaqla Bəhramtəpə su qovşağı yaxınlığında Araz çayınadək davam edir. Mənbəyini Mingəçevir su anbarı və Kür çayından götürür. Torpaq məcrada tikilmiş kanalın uzunluğu 172,4 km, normal su sərfi saniyədə 113 kub m, maksimal su sərfi isə saniyədə 138 kub m-dir.