BAKI, 11 iyun — Sputni, Dmitri Kosırev. "Bu cür şeyləri ölkələr müharibədən öncə edirlər". Xarici Kəşfiyyat Xidmətinin polkovniki, hazırda isə MDBMİ-nin professoru Andrey Bezrukov bizimlə keçirdiyi televiziya diskussiyalarından birində ötəri olaraq belə deyib.
Söhbət həqiqətən ciddi aksiyadan - ABŞ administrasiyasının ölkənin kritik vacib məhsullardan asılılığı ilə bağlı hələ fevral ayında sifariş etdiyi tədqiqatdan gedir. Tədqiqat indi, Co Baydenin Avropaya səfəri ərəfəsndə başa çatdırılıb. Həmin səfər əsnasında hər şeydən əlavə, Rusiya prezidenti Vladimir Putinlə görüş də nəzərdə tutulur.
Cenevrədə keçiriləcək həmin görüşün ABŞ-ın artıq çoxdan yetişmiş və ciddi dəyişiklik olcaq siyasi kursunun bir hissəsi olması barədə biz aşağıda söhbət açacağıq. O ki qaldı ABŞ-ın asılılığına, tədqiqatın nəticələrinə görə, ölkənin ən azı üç sahədə zəifliyi aşkara çıxarılıb — dərmanların, yarımkeçiricilərin və nadir tapılan elementlərin tədarükündə. Və bütün hallarda söhbət Çindən, yəni ABŞ-ın dünya miqyasında elə özü boyda nüfuzu olan bir dövlətdən asılılığından gedir.
Bundan sonra sayca ikinci aksiya gəlir – innovasiyalar və rəqabət haqqında qanunun işlənməsinə başlanıb. Qanun layihəsi artıq Senatdan keçib və bu yaxınlarda işlək mexanizmə çevriləcək. Burada da söhbət ilk növbədə elə həmin ölkə ilə rəqabətdən gedir. Həmin qanun layihəsinə görə, ABŞ iqtisadiyyatının Çin iqtisadiyyatına qarşı rəqabət qabiliyyətinin artırımasına iki yüz əlli milyard dollar vəsait ayrılır. Söhbət innovativ işləmlərin tezləşdirilməsindən və ABŞ-ın aparıcı sahələrinə digər formada dəstəkdən gedir.
Burada yaranmış vəziyyətin bir qədər gülməli tərəfi var. Uzun llər boyu ABŞ-da aparıcı və bir çox digər sahələrin Çin tərəfindən dəstəklənməsinin yolverilməz olması barədə danışıblar.
Pekinin "Çində istehsal olunub 2025" proqramı səhv rəqabət nümunəsi və şərin təcəssümü elan olunub. Başqa sözlə, ağlaşma ona görə qurulmuşdu ki, bəs Pekin oyunu düzgün oynamır, ədalətsiz oynayır. Düzgün oyun o zaman olur ki, öz aralarında yalnız özəl qurumlar rəqabət aparır və qalibi Bazar adlanan bir ilahi qüvvə müəyyən edir. Hazırda isə, Çinin oyununun onu qalibiyyətə gətirdiyi, özü də onu qlobal miqyasda qalibə çevirdiyi məlum olduqda, ABŞ da tamamilə sakitcə eyni şeyi etmək qərarına gəlib.
İndi isə baş verənlərin miqyası barədə. Ekspertlər deyirlər ki, demokratların administrasiyası respublikaçılardan Amerikanın sənayeləşdirilməsi ideyasını miras alıblar. Söhbət də onilliklərə hesablanmış proqramlardan gedir. Söhbət həm də ondan gedir ki, ABŞ üçün məsələ hazırda bu cür qoyulub: bu mübarizədə qalib gəlmək, yoxsa məhv olmaq.
Məhv olmaq bir qədər, bəlkə də, ağ olar. Amma "The Guardian" məcmuəsinin şərhçisi vəziyyətə bu cür qiymət verib: "onilliyin sonuna qədər Çin iqtisadiyyatının həcminə görə ABŞ-ı geridə qoyacaq. Özü də sadəcə ötüb keçməyəcək, əlavə olaraq dünyada texnoloji liderliyi əldə edəcək" (Pentqonun yuxusuna gecələr haram qatan elə budur). ABŞ üçün liderliyin bu cür əldən getməsi fikrinin özü belə dəhşətlidir.
Bütün bu bir-biri ilə sıx bağlı olan süjetlərdə açar söz – "texnologiyalar"dır. İl ərzində istehsal olunmuş məhsulun ümumi həcmi, əlbəttə ki, vacibdir. Amma daha çox təbliğat nöqteyi-nəzərindən. İki super dövlətin arasında texnoloji üstünlük məsələsində hazırkı status bərabərliyi isə — bu, bir dəhşətdir. Çinin dünyanın texnoloji iderinə çevrilməsi isə ikiqat dəhşətdir.
Co Baydenin Avropaya səfəri məhz bu əhvali-ruhiyyə ilə hazırlanırdı. London məcmuəsindəki elə həmin yazıda bu diplomatik gedişin bütün konsepsiyası kifayət qədər dəqiqliklə təsvir olunur. Bayden Qərb liderləri ilə Böyük Britaniyada, Kornoulda, G7 zirvə toplantısı çərçivəsində görüşəcək. Daha sonra isə NATO və Avropa strukturları ilə görüşlər olacaq. Və söhbət də, demək olar ki, elə ancaq Çindən gedəcək. Bayden kifayət qədər skeptik yanaşan avropalıları ikinci soyuq müharibəyə səsləmək niyyətindədir, bu dəfə Çin ilə soyuq müharibəyə.
Nə üçün onlar bu cür skeptik yanaşırlar? Gəlin bu ehtimal olunan müharibənin sadəcə bir təfərrütına nəzər yetirək: haqqında yuxarıda danışdığımız, Amerikanın zəiflikləri barədə tədqiqatın nəticələrinə və bayaq dediyimiz rəqabət haqqında qanuna uyğun olaraq, ABŞ-da, başda ticarət nümayəndəsi və ya nazir səviyyəsində bir şəxs olmaqla, "zərbə qruplaşması" yaradılır. Həmin bu zərbə qüvvəsi Çində istehsal olunan məhsulların amerikalılardan oğurlanmış texnologiyalar əsasında buraxılıb-buraxıldığını müəyyən edəcək. Və məsələ yalnız ABŞ-a gətirilməsi qadağan olunacaq mallarda deyil. Onların "oğurlanmış" statusu barədə həmçinin avropalı və digər müttəfiqlərə məlumat veriləcək. Bundan sonra isə müttəfiqlərə ABŞ-ın sözünə inanmaq və həddən artıq rəqabət qabiliyyətli bu məhsulları almamaq təklif olunacaq.
Bəs müttəfiqlər tam tərkibdə buna inanacaqlarmı? Çətin sualdır. Yenə də "The Guardian"a müraciət etsək, orada anonim diplomatdan belə bir sitat gətirilir: "Çinin nə etdiyi (bu və ya digər vəziyyətdə) avropalıların xoşuna gəlməyə bilər, amma ABŞı-n xoşuna gəlməyən Çinin özlüyündə nə kəsb etməsidir. Konkret olaraq, nə edib-etməməsindən asılı olmayaraq Çinin dünyada ABŞ-a tay olmasıdır".
Bu məntiqlə Cenevrədə keçirilən zirvə görüşü Baydenin Avropa səyahətinin periferiyasında qalır. Moskva ilə ikitərəfli münasibətlər onun üçün ikinci dərəcəlidir. Və Bayden ilk növbədə gələcək onilliklərdə ABŞ-la Çin arasında soyuq müharibə ilə bağlı Rusiyanın mövqeyini öyrənməklə məşğul olacaq. Təbii ki, heç kim Moskvanın birdən-birə Pekinlə münaqişəyə qol çəkəcəyini gözləmir. Lakin Moskvanın hələ ki hipotetik olan bir neçə situasiyada özünü necə aparacağını bilmək ABŞ üçün faydalıdır. Bəlkə Rusiya elə geosiyasi intihar etmək yolunu tutaraq, yetişməkdə olan qarşıdurmada hansısa neytral mövqe tutdu?
Əslində isə hər şey sadədir: iki super dövlət var. Onlardan biri - uduzan dövlət, digərinə qarşı durmağa hazırlaşır. Hər ikisi iqtisadi nəhəng və texnoloji liderlərdir, on görə də potensial faydalı tərəfdaşdırlar. Lakin bu dövlətlərdən biri son illər ərzində Rusiyaya qarşı ağla gəlməyən sayda pisliklər edib (dilə gətirib). Digəri isə, ən azından bu cür heç nə etməyib və deməyib də. Əksinə Rusiya ilə mümkün olan sahələrdə əməkdaşlığı inkişaf da etdirir. Moskvanın hansı mövqeyi tutacağını təsəvvür etmək olarmı?