BAKI, 8 iyun — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Formula 1 yarışı ilə əlaqədar trek ətrafında müvəqqəti quraşdırılmış baryer və tikililərin aradan qaldırılması istiqamətində işləri sürətlə davam etdirir.
BŞH-dən verilən məlumata görə, piyadalar üçün quraşdırılmış yerüstü keçidin sökülməsi məqsədilə İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsi nəqliyyatın hərəkəti üçün iyunun 9-u, gecə saat 23:00-dan iyunun 10-u, səhər saat 06:00-dək fasiləli şəkildə bağlı olacaq.
"Sürücülərdən xahiş olunur ki, sözügedən saatlarda alternativ yollardan istifadə etsinlər və həmçinin söküntü işlərinin aparıldığı yerlərdə avtomobillərini parklamasınlar", - məlumatda qeyd olunub.