BAKI, 8 iyun — Sputnik. Azərbaycan peyvəndləmə üzrə Müstəqil Dövlətlər birliyinin ölkələri arasında birinci yeri tutur. Belə ki, ölkə əhalisinin artıq 15,9%-i vaksinlənib. Bu isə 2,3 milyon doza vaksin deməkdir.
Faiz baxımından ikinci yerdə olan Rusiya (12%) 29,3 milyon doza vaksindən istifadə edib.
Qazaxıstan kütləvi vaksinasiyaya bu yaxınlarda başlasa da, ölkədə Sputnik V peyvəndinin istehsalının təşkil olunması bu prosesi sürətləndirib. Eyni sözləri Belarus haqqında da demək olar.
Moldova humanitar yardım şəklində bir sıra ölkələrdən, o cümlədən Rusiyadan vaksin alıb və bu sahədə işi yaxşı qurub.
Ermənistan və Qırğızıstan isə bu siyahıda sonuncu yerləri tuturlar.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a iyunun 8-də verilən məlumata görə, vətəndaş müraciətlərini nəzərə alaraq, xidməti daha əlçatan etmək məqsədilə peyvənd məntəqələrinin sayı artırılıb. Vaksinin istifadəsi Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxananın ambulatoriyası ilə yanaşı, həmçinin "Leyla Medical Center"-də, "Caspian International Hospital"-da və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında da aparılacaq.
Özəl klinikalara vaksin üçün müraciət edən vətəndaşların nəzərinə çatdırılır ki, həmin müəssisələrdə peyvəndlənmə prosesi müəssisənin daxili qaydalarına uyğun olaraq aparılacaq.
18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.
Bunun üçün randevu.its.gov.az saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. Bunun üçün "COVID-19 vaksin randevu" elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib "Yoxla" düyməsinə basmalıdır. Bundan sonra, vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.
Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.
İyunun 8-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 39 min 640 doza vaksin vurulub.
Qeyd edək ki, "Sputnik V" və "Pfizer" vaksinlərii Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb. Sputnik V peyvəndinin ilk partiyası Bakıya mayın əvvəllərində gətirilib.