BAKI, 7 iyun — Sputnik. Ölkə başçısının səfər etdiyi daha bir ünvanadır yolumuz - Ağdama.
Ermənilər tərəfindən Ağdamda meşə təsərrüfatına vurulan ziyan aradan qaldırılır. Dövlət başçısının tapşırığına əsasən, Ağdam rayonu ərazisində meşə parkının salınması üçün 125 hektarlıq ərazi ayrılıb. Bu ərazidə simvolik məna daşıyan ilk iki dağdağan ağacı Prezident İlham Əliyev tərəfindən əkilib. Meşə parkının ərazisində 2800 ədəd Eldar şamı ağacı əkiləcək. Bundan əlavə, bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu meşə parkında yaradılacaq gölə töküləcək.
Sputnik Azərbaycan-ın müsahibi, Bərdə Regional Meşə Mərkəzinin əməkdaşı Asif Bağırov bildirir ki, hazırda ayrılan ərazidə xeyli ağac əkilib: “Meşə park ərazisində 10 hektar ərazi minadan təmizlənib. 850 ədəd şam ağacı əkmişik. Hazırda da ağacəkmə işləri davam edir. İndi əkilən ağacların suvarılması həyata keçirilir. Bütün işlərimiz qaydasında davam edir. Qısa zamanda bu parkın salınması ilə bağlı işlərə yekun vuracağıq”.
Prezident İlham Əliyevin təməlini qoyduğu 200 hektara yaxın ərazini əhatə edən Sənaye Parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq.
Ağdam rayon sakini Zülfü Qasımov bildirir ki, Ağdamda vaxtilə 17 sənaye, 12 nəqliyyat müəssisəsi fəaliyyət göstərib ki, müəssisələrin burada yerləşməsinin əsas səbəbi də buraya yaxın ərazidə dəmir yolu stansiyasının mövcud olması olub:
“Hazırda biz cənab prezidentin təməlini qoyduğu sənaye zonasındayıq. Ağdam işğal edilməzdən əvvəl bu ərazi sənaye sahəsi olub. Və burada 17 sənaye müəssisəsi fəaliyyət göstərirdi. Onların əksəriyyəti burada, məhz dövlət başçımızın seçdiyi ərazidə yerləşirdi.
Bizdən sağ tərəfdə “Dəzgahqayırma” zavodu vardı. Mən o zavodda 8 il şöbə müdiri kimi işləmişəm. 14 rayonun texnikalarının təmir olunduğu “Traktor təmiri zavodu”. Burada taxıl məhsulu kombinatı fəaliyyət göstərirdi. “Taxıl məhsulları kombinatı” respublikada 3 yerdə tikilmişdi. Onlardan biri də Ağdamda idi. Həmin zavodların inşa edildiyi il də yadımdadır. 1985-1986-cı illərdə Ağdamda, Kürdəmirdə və Dəvəçidə “Taxıl məhsulları kombinatı” inşa olunmuşdu. İndi həmin müəssisə binalarının qalıqları qalıb. Bundan başqa, əraziyə girəndə “Ət kombinatı”, “Xalça fabriki” və bir də “Rayonlararası təchizat idarəsi” yerləşirdi.
Sənaye müəssisələrinin məhz bu ərazidə yerləşməsinə səbəb buradan təxminən 1 kilometr aralıda dəmir yolu stansiyasının yerləşməsi idi. Bu da burada istehsal olunan məhsulları göndərmək üçün olduqca əlverişli idi. Bu gün cənab prezidentin məhz bu zonanı seçməsi və Ağdamın yenidən sənaye mərkəzi kimi fəaliyyət göstərməsi bütün ağdamlıların ürəyincədir. O səbəbdən də cənab prezidentimizə bir daha minnətdarlığımızı bildirir və demək istəyirik ki, çox sağ olun ki, Ağdamın inkişafı üçün bu qədər işlər görürsünüz”.
Müsahibimiz həmçinin əvvəllər fəaliyyət göstərən və yuxarıda sadalanan müəssisələrin yenidən bərpası məsələsinə də aydınlıq gətirib. O bildirib ki, bu barədə cənab prezidentin ağdamlılarla görüşü zamanı məsələlər barədə müzakirələr də aparılıb: “Cənab prezidentimizlə görüşdə dövlət başçımız özü dedi ki, burada çoxlu sayda müəssisələr açılacaq. Məsələn, emal müəssisələri, ali təchizat müəssisələri yaradılacaq”.
Yəni müsahibimizin də dediyi kimi, növbəti dəfə Ağdamda sənaye müəssisələrinin fəaliyyəti bərpa olunacaq və bu əvvəlkindən də yaxşı və daha müasir olacaq. Bu da gələcəkdə Ağdama köçürüləcək yerli sakinlərin rifah halının yaxşılaşdırılması ilə yanaşı, həm də rayonun sənaye mərkəzi kimi fəaliyyət göstərməsinə şərait yaradacaq.
Eləcə də oxuyun:
-
Ağdamda yenidənqurma işlərinə yenidənsökmə ilə start verilib
-
Suqovuşan Azərbaycanı suya qovuşdurur: Artıq artezianlara ehtiyac qalmayacaq
-
Bakıda müzakirələr: Hərbi zavodlar birbaşa Qarabağda işə düşəcək?