CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Şirin" yalanlarla insanları təəccübləndirən adam: "Bu sənət ölüm ayağındadır" - VİDEO

© Sputnik / Murad OrujovDövlət Uşaq Teatrının aktyoru, "sehrbaz Tofiq əmi" kimi tanınan Tofiq İsgəndərli
Dövlət Uşaq Teatrının aktyoru, sehrbaz Tofiq əmi kimi tanınan Tofiq İsgəndərli - Sputnik Azərbaycan, 1920, 06.06.2021
Abunə olmaq
"Sehrbaz Tofiq əmi" uşaqdan böyüyə heç kəsi laqeyd buraxmyan fokusçuluq, özünün bu sənətə gəlişi barədə Şahpəri Abbasova ilə söhbətləşib.

BAKI, 6 iyun — Sputnik. İnsan övladı yarandığı gündən möcüzələrə meyilli olub. İnsanları təəccübləndirməyin yolu isə illüziyadan keçir. Ölkəmizdə bu sənət növü elə geniş yayılmasa da, bu sahədə peşəkar olan sehrbaz-illüzionistlər fəaliyyət göstərir. Onlardan biri - Dövlət Uşaq Teatrının aktyoru, "sehrbaz Tofiq əmi" kimi tanınan Tofiq İsgəndərli ilə görüşüb söhbətləşdik. Azərbaycanın müasir illüziya sənətinin banisi və ən məşhur illüzionisti, beynəlxalq illüziya festivallarının laureatı sənətə gəlişindən, sənətin problemlərindən Sputnik Azərbaycan-a danışıb: "Mənim bu sahədə müəllimim olmayıb. O vaxt kəndlərə sehrbazlar çox gələrdilər. 6-cı sinifdə oxuyurdum. Bakıdan bir erməni sehrbaz gəlmişdi. Bir neçə nömrə göstərdi, bu, mənə çox sadə gəldi. Tamaşadan sonra sehrbaza yaxınlaşdım, ona fokusların sirrini dedim. O da buna etiraz elədi, əsəbləşdi. Qışqırdı ki, "çıxarın bunu burdan". Mən də inada dayandım, onun sirrini öyrənməyə çalışdım. Əslində elədiyim doğru deyil, mən də sevmirəm. Amma mənə maraqlı gəldiyindən dayanmışdım. Bizim kəndin yerli komitəsinin sədri həmin sehrbazı evinə apardı. Səhər başqa bir kəndə getməli idi. Mən də səhər tezdən oyandım. Getdim qapılarında dayandım. Gözlədim ki, adam çıxsın, onunla danışım. Ev yiyəsi dedi "nə var səhər-səhər qapımızı kəsdirmisən?"

Bu sənətin ecazkarlığı onu elə cəlb edir ki, bütün ömrünü ona həsr edir: "Onun göstərdiyi nömrəni gəldim evdə düzəltdim. Əslində texnikamız ayrı olsa da, sonda nəticə eyni oldu. Həyətimizdə yay mətbəxi var idi. Orada stolun üstünə çıxırdım, önlüyü taxırdım, dəsmaldan da çalma hazırlayırdım. Uşaqlara hazırladığım nömrələri göstərirdim".

Ömrünün 40 ilini illuziya sənətinə həsr edən illüzionist deyir ki, indi fokusun dərinliyinə gedən fokusçu demək olar ki, yoxdur: "Mənim bu sahəyə həddindən artıq böyük marağım olub. Sovet dövründə Axundov kitabxanasına gedirdim. Kitabların adlarını bilirdim, amma özlərini tapmırdım. Mən Moskvada yerləşən, sovet dövrünün ən böyük böyük kitabxanasına yazırdım, bir aydan tez kitabı göndərmirdilər, mikrofilm göndərirdilər, lent şəklində. Həmin lenti proyektora salırdıq. Proyektorda baxıb, bir-bir yazırdım. Gedirdim XVIII əsrə aid kitablar alırdım. İndi bunun dərinliklərinə gedən fokusçu yoxdur. Əvvəllər xarici ölkələrdə fokus dükanları var idi, amma gəlib bura çatmırdı. Biz bütün avadanlıqları özümüz hazırlayırdıq. İndi girib saytlardan axtarıb tapırlar. Bir də gördün Çindən bir əşya gəldi, açıb baxırsan ki, zaydır".

Pandemiya dövrü məşhur illüzionistə də mənfi təsir edib. Dediyinə görə, illuziyanın vəziyyəti ümuməm götürdükdə, yaxşı deyil. Bu, pandemiyaya aid deyil. Karantindən əvvəl də vəziyyət ürəkaçan deyilmiş: "Karantin elan olunmazdan 1 gün qabaq tamaşa olacaqdı. Teatrda oynadığım tamaşalarla yanaşı, mənim hər il, ildə 1 dəfə hesabat xarakterli böyük şoum olurdu. Axırıncı dəfə Gənc Tamaşaçılar Teatrında böyük bir şoum oldu. Hazırda məşqlərimiz davam edir. Pandemiyanın bitməyini gözləyirik. Pandemiyadan əvvəl də illüziyanın vəziyyəti ölkəmizdə yaxşı deyildi. Lazımi qədər qayğı yoxdur. Bu sənətə, kobud səslənsə də deyəcəyəm, barmaqarası baxırlar. Amma əslində bəlkə də yeganə illüziyadır ki, burada yaş məhdudiyyəti və dil baryeri yoxdur. İstənilən ölkədə, istənilən şəxs sənin tamaşanı izləyə bilər. Təəssüf ki, bizdə illüziya barədə söz açılanda o saat deyirlər ki, cibindən dovşan çıxara bilərsən? Təbii ki, istisnalar var. Amma ümumən götürdükdə, bizdə illüziya sənətinə qeyri-ciddi sənət kimi baxırlar. Ona görə də bu sənətə gəlmək istəmirlər".

© Sputnik / Murad OrujovDövlət Uşaq Teatrının aktyoru, "sehrbaz Tofiq əmi" kimi tanınan Tofiq İsgəndərli
Şirin yalanlarla insanları təəccübləndirən adam: Bu sənət ölüm ayağındadır - VİDEO - Sputnik Azərbaycan, 1920, 06.06.2021
Dövlət Uşaq Teatrının aktyoru, "sehrbaz Tofiq əmi" kimi tanınan Tofiq İsgəndərli

T.İsgəndərlinin sözlərinə görə, gənclərin bu sənətə gəlməmələrinin başqa səbəbi isə əziyyətdən qaçmalarıdır: "Bu sənət zəhmət tələb edən sənətdir. Müasir dövrün gəncləri isə bu zəhmətə qatlaşmaq istəmirlər. Bundan əlavə, sosial şəbəkələrdə illüziyaçıların sirlərini açırlar, bu da doğru deyil. Sirri açılmış fokus bildiyiniz lətifə kimidir. Amma bildiyiniz lətifəni sizə başqa formada dəyişib, danışsam gülərsiniz. Amma bu da hər adamın bacardığı bir iş deyil. Ümumiyyətlə, Azərbaycanda bu sahədə peşəkar yoxdur. Bununla pul qazana bilərlər. Amma özlərini peşəkar adlandıra bilməzlər. Tələbələrim var, amma peşəkar deyillər. Tələbələrimə deyirəm ki, bu sənətlə ailə saxlamaq çətindir. Mütləq gərək əlavə işiniz olsun. Pandemiya mənim sözümün təsdiqi oldu".

Həmsöhbətimiz təəssüflə qeyd edir ki, illüziya sənəti ölüm ayağındadır: "Mənə elə gəlir ki, bir müddət sonra illüziya sənəti olmayacaq. Böyük bir tamaşa olacaq. Orada illüziya elementləri olacaq. Rəhmətlik rejissor Rövşən Almuradlı "İblis"i tamaşaya qoymaq istəyirdi. Mənə təklif elədilər ki, orada illüziya elementləri olsun. Amma nədənsə, o tamaşa alınmadı".

İllüziyaçının fikrincə, indiki insanları aldatmaq ötən əsrin insanlarına baxanda daha asandır: "Əvvəlki nəslin insanları düşünürdülər. Məntiq var idi. Məsələn, indi bizə nəsə lazım olanda oturub düşünmürük. İnternetdə yazıb, tapırıq. Beynimizə əziyyət vermirik. Bir müddət keçəcək, 4×5-in cavabını belə, özləri tapmağa can atmayacaqlar. Acınacaqlı haldır ki, düşünmə qabiliyyəti məhdudlaşır. İndiki gənclər və uşaqlar beyinlərinə əziyyət vermədiklərinə görə, onları aldatmaq daha asan olur. Düşünməyən insanı nəyinsə təsiri altına salmaq çox asandır. İndiki insanlar sanki robotlaşıblar. Şəxsən mənim üçün indi işləmək daha asandır, nəinki o vaxtlar. O vaxt düşünən insan daha çox idi. İnsan kimi həyat sürürdülər. Çox uzağa getməyək, o dövrdə yazılmış romanlarla, musiqilərlə indi yarananları müqayisə edin. Görün hansı daha koloritlidir?"

© Sputnik / Murad OrujovDövlət Uşaq Teatrının aktyoru, "sehrbaz Tofiq əmi" kimi tanınan Tofiq İsgəndərli
Şirin yalanlarla insanları təəccübləndirən adam: Bu sənət ölüm ayağındadır - VİDEO - Sputnik Azərbaycan, 1920, 06.06.2021
Dövlət Uşaq Teatrının aktyoru, "sehrbaz Tofiq əmi" kimi tanınan Tofiq İsgəndərli

"Xarici ölkələrdə də çıxışlarınız olub. Xarici tamaşaçılarla bizim tamaşaçılar arasında hansı fərq var?" sualına illüziyaçının cavabı "Mənim üçün tamaşaçı fərqi yoxdur. Sadəcə tamaşaçı kontingentinə uyğun olaraq şoumu təqdim edirəm" oldu: "Mən işləyəndə interaktiv işləyirəm. Tamaşaçıları da həmin şouya daxil edirəm. Tamaşaçını səhnəyə dəvət edirəm. Onların yanına yaxınlaşıram. Tamaşaçı üçün o şouda birbaşa iştirak etməsi daha maraqlı gəlir, nəinki kənardan seyr etmək. Bizimkilərdə kompleks çoxdur. İranı qapalı ölkə kimi tanıyarıq. Amma inanın ki, İran tamaşaçıları bizim tamaşaçılardan daha sərbəstdirlər. Bizdə səhnəyə çıxarmaq üçün adam tapmaq qeyri-mümkündür. İranda isə qarşısını almasan bütün tamaşaçılar tökülüşərlər səhnəyə. Ona görə də bizdə bir nəfəri əlavə götürürük ki, sən Allah gördün heç kim çıxmır, sən çıx. Amma mənə lazımdır ki, öz adamım yox, tamaşaçı gəlsin səhnəyə".

Müsahibimiz bildirir ki, tamaşaçı tamaşadan sonra "bu fokusu necə etdiniz?" deyirsə, deməli sənin fokusun alınıb: "Tamaşaçı "əşşi, nə var bunda? Onu mən də edərəm" deyirsə, deməli fokusun uğursuzdur. Amma bəzən yüksək eqolu tamaşaçılar olur, deyirlər "mən də edərəm". Onda deyirəm "buyur, gəl elə". İllüziyanın, fokusun ən yaxşı tamaşaçısı ziyalı, savadlı elm insanlarıdır. O insanlar həmin fokusun sirrini bilsə də, onun zəhmətinə, bacarığına, hiyləsinə hörmət edərək illüziyaçını alqışlayır. Min nəfər tamaşaçı içində 4-5 nəfər bunun sirrini bilə bilər. Bu, normaldır. Hər şeyə mız qoyan insan elə fokusa da mız qoyacaq. Mən onu 2-3 saatın içində dəyişə bilmərəm ki".

© Sputnik / Murad OrujovDövlət Uşaq Teatrının aktyoru, "sehrbaz Tofiq əmi" kimi tanınan Tofiq İsgəndərli
Şirin yalanlarla insanları təəccübləndirən adam: Bu sənət ölüm ayağındadır - VİDEO - Sputnik Azərbaycan, 1920, 06.06.2021
Dövlət Uşaq Teatrının aktyoru, "sehrbaz Tofiq əmi" kimi tanınan Tofiq İsgəndərli

İsgəndərli bildirir ki, ən mədəni tamaşaçı Avropadadır: "Məsələn, mən səhnəyə bir stol və üzərinə bir əşya qoyuram. Avropa tamaşaçısı gəlib ona baxmayacaq. Türkiyə, İran, köhnə sovet respublikalarının tamaşaçıları mütləq gəlib ona baxacaq, yoxlayaqcaq ki, görək o nədir. Bizdə isə o əşyanı götürüb aparacaqlar. Türkiyə və İrandakılar bizim tamaşaçılarımızla müqayisədə daha yüksəkdədirlər. Onlar sənətçiyə qiymət verməyi bacarırlar. Bizdə əvvəl tamaşada söhbət edirdilər, indi isə telefonla oynayırlar. Teatrlarımız tamaşaçı qıtlığından əziyyət çəkir, bu, öz yerində. Yaxşı tamaşaçını isə əldə çıraqla gəzirlər. Azərbaycanda yaxşı tamaşaçı Rus Dram Teatrındadır".

"Yaxşı illüziyaçı olmaq üçün öncə yaxşı fantaziyan olmalıdır" deyir həmsöhbətimiz: "İkincisi, əl cəldliyi, yüksək həvəs və artistizm olmalıdır. Həvəs olmasa, qeyri-mümkündür. Mənim 6 patentləşmiş nömrəm var. Həmin nömrələr dövlət tərəfindən patentləşib. Patent almaq bir az uzun prosesdir. Mən bir dəfə fokusun tərifini dedim. Həmin tərifi xarici ölkələrdə klubların divarından asıblar. Fokusun tərifi belədir: illüziya sənəti, insanların həyatda gerçəkləşməyən arzularını səhnədə reallaşdıran ali sənətdir! Məsələn, mən uçmaq istəyirəm, reallıqda uça bilmərəm. Amma mən bunu səhnədə reallaşdırıram. İnsan övladı hər zaman möcüzəyə meylli olur. Onu maraqlandırmaq üçün mütləq o ziddiyyət olmaldır. Ziddiyyət olmasa, tamaşaçı maraqlanmayacaq".

"Bir dəfə mən avtobusla İrana gedirdim. Astarada düşdük, sürücü ilə söhbətləşəndə dedi ki, "sən mənə bir şey öyrət, əvəzində mən də sənə bir sirr verəcəyəm. Sən manatı dollara çevirirsən, onu mənə öyrət, mənə lazımdır". Dedim "yaxşı, öyrədərəm. Bəs sən mənə nə öyrədəcəksən?" Dedi "mən sənə cinlərlə danışmağı öyrədəcəm. Cinlərlə danışsan, harada qızıl var, onun yerini deyəcəklər". Dedim belə bacarırsan, onda fokusu neylirsən, niyə avtobus sürürsən, cinlər sənə qızılın yerini desin, yaşa da özün üçün. Yaxşısı budur, mənim bildiyim məndə, sənin bildiyin səndə qalsın".

© Sputnik / Murad OrujovDövlət Uşaq Teatrının aktyoru, "sehrbaz Tofiq əmi" kimi tanınan Tofiq İsgəndərli
Şirin yalanlarla insanları təəccübləndirən adam: Bu sənət ölüm ayağındadır - VİDEO - Sputnik Azərbaycan, 1920, 06.06.2021
Dövlət Uşaq Teatrının aktyoru, "sehrbaz Tofiq əmi" kimi tanınan Tofiq İsgəndərli

Müsahibimiz deyir ki, fokusun sirri çox asandır. Fokusun sirrini bilmək üçün dərinliyə getmək lazım deyil: "Elm adamlarını aldatmaq asandır. Çünki, elm adamları həmişə işin mürəkkəbliyinə qaçırlar. Nobel mükafatı alan adamla məktəbliyə eyni fokusu göstərsən, məktəbli fokusun sirrini tez tapacaq. Fizik isə fiziki qanunlardan sitatlar gətirəcək. Bir fokusçu var. Deyir çubuqla fokus edirmiş. Alimlər yaxınlaşıb ona deyiblər ki, biz uçan aparat üzərində işləyirik, sən onun çertyojunu bizə verə bilərsən? O da deyib, "a kişi, nə çertyoj? O çubuğu sapla uçururam, sadəcə sap çox incə olduğundan səhnədə görünmür".

İllərin illüziyaçısı bu sənətə yeni başlayanlara bir sirr də verdi: "Əgər səhnədə fokus alınmasa, onun üstündən elə keçin ki, tamaşaçı bunun fərqinə varmasın. Bir dəfə İrana gedənə rekvizitin çertyojunu göndərdim ki, buradan özümlə aparmayım. Onlar da düzəldiblər, amma mənim dediyim kimi hazırlamayıblar. Oğlanı yatırdım, sonra havaya qaldırdım. Qaldırandan sonra aşağı endirməliyəm, amma enmir. İşarə elədim ki, pərdələri bağlayın. Orada oturan adam da məni başa düşmədi. Elə bilir fokus edirəm. Adam pərdəni bağlamır. Vəziyyətdən çıxmaq üçün dedim ki, indi bu fokusun kuliminasiya nöqtəsidir - Əmir Əkbəri yox olacaq. Zəhmət olmasa, pərdəni bağlayın. Tez oğlanı uzaqlaşdırdıq. Pərdələr açıldı, hamı alqışladı. Camaat elə bildi ki, tamaşa elə belə də olmalı idi. Həmişə də köməkçilərimə deyirəm ki, bu, texniki nömrədir. Burada alınmama ehtimalı daha böyükdür".

Xəbər lenti
0