BAKI, 4 iyun — Sputnik. Dünya iqtisadiyyatı normallaşmağa başlayır, bu il qlobal Ümum Daxili Məhsulda (ÜDM) "qeyri-adi dərəcədə yüksək" artım gözlənilir.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu ölkənin şimal paytaxtı hesab olunan Sankt-Peterburqda start götürmüş Beynəlxalq İqtisadi Forumun (SPIEF-2021) bu gün baş tutmuş plenar iclasında çıxış edərkən bildirib.
"Mütəxəssislərin fikrincə, keçənilki tənəzzül öz dərinliyinə görə II Dünya müharibəsindən bu yana ən böyük tənəzzül hesab olunur. Bununla belə, artıq dünya iqtisadiyyatının normal axara düşməyə başladığını indidən inamla söyləmək olar. Bu il qlobal ÜDM-də artımın qeyri-adi dərəcədə yüksək olacağı, keçən əsrin 70-ci illərindən bəri maksimum səviyyəyə çatacağı gözlənilir ", - deyə Putin bildirib.
XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu
Qeyd edək ki, iyunun 2-si, çərşənbə günü XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu öz fəaliyyətinə başlayıb. Tədbirdə Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
İyunun 2-dən 6-ə kimi davam edəcək forumda iştirakçılar dünya və Rusiya iqtisadiyyatının aktual problemləri, sosial və texnoloji inkişaf məsələlərini müzakirə edəcəklər. Forumun gündəliyində xarici ticarət əlaqələri, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlıq, Avrasiya İqtisadi Birliyində elektron ticarət, dəyişmiş qlobal mühitdə BRICS iqtisadi tərəfdaşlıq məsələləri də yer alır.
Daha sonra forumun gündəliyinə qlobal rəqəmsal platformalar dövründə çoxmədəniyyətli müxtəlifliyin qorunması, turizm sənayesi üçün yeni sərmayə və texnoloji imkanlar, beynəlxalq ticarət üçün rəqəmsal platformanın formalaşması məsələləri və bir çox digər aktual mövzular daxil ediləcək.
Xatırladaq ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun tanıtım proqramı çərçivəsində hər il iri tədbirlər, biznes forumları və işgüzar dairələrin nümayəndələrinin görüşləri də keçirilir.
Eləcə də oxuyun:
-
Putin qlobal istiləşmənin həlli yolunu göstərdi
-
Putin: "Qazprom" "Şimal axını-2" kəmərinə qaz vurmağa hazırdır
-
Zaxarova: "Xarici KİV-lərlə bağlı qanun "gözə göz, dişə diş" prinsipi ilə hazırlanmayıb