BAKI, 3 iyun — Sputnik. "İyunun 2-də Ermənistan mətbuatında həmin ölkənin morqlarında saxlanılan meyitlərdən bəzilərinin Azərbaycanın hərbi qulluqçularına aid olması ehtimalı barədə həqiqətəuyğun olmayan fikirlər səsləndirilib.
Bununla bağlı bildiririk ki, Ermənistan səhiyyə nazirliyinin tabeliyində olan morqlarda saxlanılan və kimlikləri məlum olmayan meyitlərin içərisində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə aid hərbi qulluqçu yoxdur. Belə ki, Ermənistan hüquq mühafizə orqanları tərəfindən təyin edilmiş məhkəmə-genetik ekspertizasının (DNT testi) rəyi ilə həmin meyitlərin erməni hərbçilərə məxsus olması müəyyən edilib".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətlərinin birgə məlumatında bildirilir.
Qeyd olunub ki, hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində Azərbaycan Respublikası Baş Prokurorluğunun, Respublika Hərbi Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin peşəkar əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən intensiv iş aparılır.
Vətən müharibəsində şəhid olanların siyahısı
İyunun 2-də Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularının yeni siyahısını açıqlayıb. Nazirlik iyunun 2-dək dəfn edilən 2900 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 14 nəfərin foto şəkillərini, adlarını, soyadlarını, hərbi rütbəsi və doğum tarixi haqqında məlumatları təqdim edib.
Bu link vasitəsilə Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı ilə tanış olmaq olar.
Eləcə də oxuyun:
- "Kombatımız şəhid olanda onu qucaqlayıb ağlayırdım" - Səyyad Mədətov
- Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
-
"Ev almağa ömürləri çatmayacaq" - Deputat şəhid ailələrinin ağlamalı durumu barədə