BAKI, 2 iyun — Sputnik. Metronun "İçərişəhər" stansiyası yaxınlığında yol çöküb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə jurnalist Nigar Etibar sosial şəbəkədə məlumat paylaşıb.
Məlumatda bildirilib ki, avtobus dayanacağının qarşısında çökən yolun qəzalı olduğuna dair ətrafda heç bir işarə qoyulmayıb: "Dayanacaqda dayandığım 3-4 dəqiqə ərzində 2 maşın yoldakı çöküntü səbəbindən zərər gördü. Aidiyyəti qurumlar düzəldənə kimi xəbəriniz olsun".
Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli sosial şəbəkə hesabında Səbail rayonu, Şeyx Şamil küçəsində yolun asfalt-beton örtüyündə çökmənin baş verməsi ilə bağlı sosial şəbəkədəki hesabında paylaşım edib. O bildirib ki, AAYDA-nın aidiyyəti şöbəsi artıq məlumatlandırılıb:
"Bildiririk ki, qısa müddət ərzində çökmənin baş vermə səbəbi müəyyən edilərək aradan qaldırılacaq və yolun asfalt-beton örtüyü bərpa ediləcək".
Xatırladaq ki, bu ilin aprel ayında Bakının Nizami rayonunda yol çökmüşdü. Hadisə aprelin 8-i gecə saatlarında Qara Qarayev metrostansiyasının yaxınlığında, Əlif Hacıyev küçəsində baş vermişdi.