BAKI, 1 iyun — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi təyinatlı səfiri, Arktika Şurasının yüksək vəzifəli rəsmisi Nikolay Korçunov RİA Novosti-yə verdiyi müsahibədə Şimal dəniz yolunun (NSR) niyə Süveyş kanalından daha yaxşı olduğunu izah edib.
Diplomatın sözlərinə görə, bu ilin mart ayında Süveyş kanalında iri konteyner gəmisi "Ever Given"-lə bağlı baş vermiş hadisə alternativ qlobal nəqliyyat yollarının inkişaf etdirilməsinin, tədarük yollarının şaxələndirilməsinin vacibliyini göstərdi və mövcud dəniz yollarının azlığını ortaya qoydu.
NSR – Süveyş kanalından keçən nəqliyyat marşrutundan 40 faiz qısadır və bir sıra üstünlüklərə (o cümlədən, siyasi) malikdir. Bu, həm də yanacaq xərclərini azaltmağa imkan verər ki, nəticədə də ətraf mühitə atılan antropogen yük minimuma enər", – deyə Korçunov qeyd edib.
O vurğulayıb ki, son illər NSR boyunca daşınan yüklərin həcmində və gəmiçiliyin inkişafında müsbət dinamika müşahidə olunur. Korçunov əlavə edib ki, bu, şimal ərazilərinə, ticarətə və turizmə müsbət təsir göstərəcək, eyni zamanda, yerli əhali də daxil olmaqla, Arktika sakinlərinin yaşayış səviyyəsinin yaxşılaşmasına kömək edəcək.
Rusiyanın Uzaq Şərq və Arktikanın İnkişafı Nazirliyinin rəhbəri Aleksey Çekunkov bir qədər əvvəl bildirmişdi ki, iri Asiya ölkələri artıq həddən artıq yüklənmiş Süveyş kanalına alternativ kimi Şimal dəniz yolunu nəzərdən keçirirlər. Baş nazirin müavini Yuri Trutnev isə qeyd edib ki, Rusiya NSR-in istifadəsinin rahat, təhlükəsiz olması və ətraf mühitə zərərli maddələrin atılmasının azalması üçün əlindən gələni edəcək.
NSR marşrutunun uzunluğu Kara Qapısı Boğazından "Provideniya" buxtasına qədər 5,6 min kilometrdən çoxdur, ona bitişik gəmi yollarının uzunluğu isə təqribən 37 min kilometrdir. Süveyş, Panama kanallarından və ya Ümid Burnu ətrafından keçən nəqliyyat arteriyaları bu dəniz yoluna alternativdir.
Xatırladaq ki, bu il martın 23-də Panama bayrağı altında Çindən Rotterdama doğru hərəkət edən 400 metr uzunluğundakı "Ever Given" konteyner gəmisi Süveyş kanalının 151-ci kilometrliyində saya oturub. Bir neçə cəhddən sonra gəmini martın 29-da oradan çıxartmaq mümkün olub. Bu əməliyyatda 15-dən artıq yedək gəmisi iştirak edib. Hadisə ilə əlaqədar kanalda ilişib qalan müxtəlif ölkələrə məxsus 422 gəmidən sonuncusu yalnız 3 aprel tarixində Süveyşi keçərək yoluna davam edə bilib.
Eləcə də oxuyun:
-
"Süveyş kanalının bağlanması dünya ölkələrinə mesaj oldu"