BAKI, 1 iyun — Sputnik, Emin Əlisahib. Ağcabədi rayon Mərkəzi Xəstəxanasında 15 yaşlı qız ana olub. Hamilə vəziyyətdə rayon mərkəzi xəstəxanasına gətirilən 2006-cı il təvəllüdlü Səbinə Namiq qızı Hüseynovanın övladı dünyaya gəlib. Körpənin çəkisi 2 kilo 800 qramdır. Bu barədə xəstəxananın doğum şöbəsinin müdiri Nəzakət Quliyeva Sputnik Azərbaycan-a danışıb. O deyib ki, xəstə daxil olarkən vəziyyəti ağır olub. “May ayının 31-də günorta saat 12:20-də doğum şöbəsinə ağrılarla, dölyanı mayenin artması ilə azyaşlı Səbinə Namiq qızı Hüseynova daxil olub. Xəstə müayinə olunub. Xəstədə çanağın dar olduğu müəyyən olunub. Onun qeysəriyyə əməliyyatı olunmayacağı təqdirdə problemlərin yaranacağı haqda məlumat verilib və əməliyyat olunması məsləhət görülüb. Xəstə əməliyyatla uşaq dünyaya gətirib. Uşağın çəkisi 2 kiloqram, 800 qramdır. Hal-hazırda ana və uşağın da vəziyyəti normaldır”.
Azərbaycan qanunvericiliyinə görə, 16 yaşdan aşağı şəxslə cinsi əlaqədə olmaq cinayət sayılır. Nikaha girməyə isə 18 yaşı tamam olmuş şəxslərə icazə verilir. Məsələni araşdırmaq istədik. Bu səbəbdən də üz tutduq qızın ailə üzvlərinə. Səbinə Hüseynovanın nənəsi Şərəf Hüseynova dedi ki, Səbinə ilə həyat yoldaşı, 24 yaşlı Sadiq Cəfərov bir-birilərini seviblər. Yəni ailələr arasındakı razılaşma belə olub ki, xalaoğlu ilə xalaqızın evləndirsinlər.
“Hərisini xalası oğluna vermişdik ki, 18 yaşa çatanda evləndirərik. 18 yaş toy etmək məqamı idi o vaxtlar... Sonra Səbinənin xalası, yəni Sadiqin anası rəhmətə getdi. Üç kişi qaldı evdə yaman günə. Xalasının uşaqlarının və yoldaşının çörəyini-çayını verən olmadı, paltarını yuyan olmadı. Səbinə də dedi, gedirəm onlara baxmağa. Onlar ac qalırlar. Uşaq gördü, xalası uşaqlarının vəziyyəti pisdir, evləndilər”.
Bir sözlə, Səbinə xalasının həyat yoldaşı və uşaqlarına mərhəmət etməsi səbəbindən uşaq yaşında ana olub. Şərəf Hüseynova deyir ki, Səbinə xalası oğlu və onun ailəsinə görə elə onlarda qalmalı və izdivaca girməli olub. “Qız öz könlü ilə gedib. Yəni burada başqa bir problem ola bilməz. Sonra da uşağa qaldı. Mən də çox fikirləşdim, gördüm, çıxış yolu yoxdur. Neyləyə bilərdim”?
Hətta ailə azyaşlının uşaq gözləməsini də hər kəsdən nə az, nə də çox - düz 9 ay gizlədib. Şərəf Hüseynova son anda onu xəstəxanaya gətirəndə isə hər şey üzə çıxıb.
“Evin içində qaldı, düz 9 ay. Həkim onu nə vaxt bildi? Ağır vəziyyətdə gətirəndə bildi ki, bu azyaşlıdır. Vəsiqə istədi, dedim vəsiqə yoxdur”.
Nənə baş verənlərlə bağlı özünə haqq da qazandırmağa çalışıb. “Qohum olduqlarına görə gedib gətirə də bilmədim. 15 yaşında ailə qurub. İndi də 16-ya keçib”.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, bu barədə Rayon Mərkəzi Xəstəxanasından Ağcabədi Rayon Polis Şöbəsinə də məlumat daxil olub. Faktla bağlı RPŞ-nin əməkdaşları tərəfindən ilkin araşdırma tədbirlərinə başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Eləcə də oxuyun:
-
Yanan da, yaman da... qadınlar - Həvva nəsli niyə özünə qənim kəsilib?
-
Cəzasızlığın ayaq səsləri - Cəmiyyətdə pedofiliya sevgisi formalaşır
-
Millət vəkili: "Cəmiyyətdə cahilliyin üzünə tüpürəcək Kefli İsgəndərimiz də yoxdur"