BAKI, 29 may — Sputnik, Eldar Tanrıverdiyev. 29 may dünyada BMT sülhməramlılarının beynəxlaq günüdür. Bu bayram 2003-cü ildən bəri hər il mayın 29-da qeyd olunur. Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən, sülhməramlı əməliyyatlarda iştirak etməkdədir. 2015-ci ilin yanvar ayının 1-dən etibarən, Azərbaycan sülhməramlıları Əfqanıstanda NATO-nun başçılığı ilə həyata keçirilən "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasında 6 aylıq rotasiya planına uyğun olaraq fəaliyyətə başlayıb. İlkin mərhələdə 94 nəfərlik kontingent ilə xidmətə başlayan Azərbaycan Ordusu 09 yanvar 2018-ci il tarixdən missiyaya töhfəsini artırmaq məqsədilə şəxsi heyətinin sayını 120-yə çatdırıb. Bəs sülhməramlı, özü də Əfqanıstan kimi bir ölkədə sülhməramlı olmaq necə bir hissdir? Fərqliliyi nədən ibarətdir? Sputnik Azərbaycan sülhməramlı kimi Əfqanıstanda xidmət aparmış hərbçi Vasif Paşayevlə həmsöhbət olub.
Zəngilan rayonunda anadan olan həmsöhbətimiz iki dəfə sülhməramlı missiyanın tərkibində Əfqanıstanda olub. Belə ki, Vasif Paşayev 2016-ci ilin oktyabrından 2017-ci ilin apreli və 2018-ci ilin iyulundan 2019-cu ilin yanvarına qədər "Qətiyyətli Dəstək" missiyanın tərkibində Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını icra edib.
- Sülhməramlı xidmətin adi hərbi xidmətdən fərqi? Üstünlük və ya əskikləri varmı?
- Sülhməramlı xidməti adi hərbi xidmətdən fərqləndirən cəhətlərdən biri budur ki, doğulduğun, yaşadığın ərazini, ölkəni tərk edirsən. Fərqli xalqların, fərqli millətlərin yaşam tərzi, mədəniyyəti ilə yaxından tanış olmaq, müşahidə etmək imkanın var. Sülhməramlı xidmətin üstünülüyü ondan ibarətdir ki, hərbi baxımdan hərbçinin daha da peşəkar şəkildə formalaşması, püxtələşməsinə kömək edir. Sülhməramlının adi əsgərdən fiziki və psixi hazırlığı, xarici dil biliyi ilə fərqlənir. Üstəgəl digər ölkələrdən olan həmkarlar, hərbçilərlə ünsiyyət qurmaq, görüşmək onlarla təcrübə mübadiləsi aparmaq baxımından olduqca unikal şansdır.
- Sülhməramlı olmamışdan qabaq Əfqanıstanı necə təsəvvür edirdin? Orada nələrlə qarşılaşdın? Nələr dəyişdi?
- Hərbiyə getməmişdən qabaq əvvəl sosial şəbəkələr, televiziya vasitəsilə Əfqanıstan İslam Respublikası, İraq Respublikasındakı vəziyyəti görürdüm. Həmin ölkələrdə mülkü insanların terror aktlarının qurban olması, yaralanması mənə təsir edirdi. Əfqanıstan vətəndaşlarının terror qruplaşmaları tərəfindən necə təzyiqlərə məruz qaldıqlarını görür, bu barədə internet resurslarından oxuyurdum. Həmişə bu insanlara neçə kömək edə biləcəyimi düşünürdüm. Təsadüfdən hərbidə olduğum vaxt gözlənilmədən əlimə belə bir şans düşdü və mən sülhməramlı kimi Əfqanıstana getmək imkanı qazandım. Könüllü şəkildə sülhməramlıların sırasına daxil oldum. Əfqanıstanda olduğum müddətdə televizordan gördüyüm, internet saytlarından oxuduğum hadisələrin, insidentlərin canlı şahidi oldum. Bir insan, hərbçi, sülhməramlı kimi çalışdığımız qədər təzyiqlərə məruz qalmış əfqan xalqına maksimum yardım etməyə çalışdıq.
- Yeri gəlmişkən, yerli əhali ilə münasibətləriniz necə idi?
- Təbii ki, sülhməramlı kimi Əfqanıstana getməzdən əvvəl zəruri hazırlıqlar keçib, bilik və bacarıqlar əldə etmişdik. Orada olduğum müddətdə yerli əhali ilə heç vaxt münaqişəli vəziyyət yaranmayıb. Çünki biz ciddi şəkildə təlimatlara uyğun şəkildə davranır, həmçinin yerli xalqın adət-ənənələrinə hörmət edirdik.
- Sülhməramlı olduğun Əfqanıstanda yaşadığın ən çətin gün?
- Əfqanıstanda xidmətin demək olar ki hər günü çətin idi. Çünki öz ölkəndən kənarda hər günü, hər anı təhlükə ilə dolu olan bir ölkədə xidmət aparırsan. Bu ölkədə terrorçunun harada olması, nə vaxt peyda olacağı heç kəsə məlum deyil, buna görə biz daima diqqətdə idik. Demək olar ki bütün günlər bərabər idi, lakin bayramlarda xüsusilə gücləndirilmiş rejim olurdu.