BAKI, 27 may — Sputnik. "Özbəkkino" Milli Agentliyinin sifarişi ilə Özbəkistanın "First Art Media" şirkəti "Maqsud Şeyxzadə: azadlığa can atan şair" adlı filmin çəkilişinə başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, 2021-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə bu ölkənin tanınmış klassik şair və yazıçıları haqqında, sənədli və bədii filmlərin çəkilməsi, habelə onların əsərlərinin yenidən nəşri həyata keçirilir.
Özbəkistanın "First Art Media" şirkəti, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Özbəkistan və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin dəstəyi ilə hazırlanan filmin bir hissəsinin çəkilişləri böyük şairin vətəni Azərbaycanda, habelə doğulduğu Ağdaş rayonunda aparılacaq.
Sənədli filmlə bağlı artıq Özbəkistanda müəyyən işlər görülüb, ölkədə bir sıra çəkilişlər aparılıb.
Təsadüfi deyil ki, böyük özbək şairi Şükrulla Maqsud Şeyxzadəni "Özbək ədəbiyyatının Şekspiri" adlandırıb.
Sənədli filmin çəkilişləri başa çatdıqdan sonra Daşkənd və Bakıda təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulub.
AMM-nin direktoru Samir Abbasov Maqsud Şeyxzadənin öz yaradıcılığı ilə iki xalq arasında dostluq körpüsü yaratdığını, Hüseyn Cavid, Abdulla Şaiq kimi klassiklərimizdən dərs alan Maqsud Şeyxzadənin əsərlərinin özbək ədəbiyyatının inciləri siyahısına daxil edildiyini qeyd edib.