BAKI, 27 may — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutuna baş direktor təyin olunub. İnstitutun yeni baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayevdir. Sputnik Azərbaycan xəbər verir ki, yeni direktorun təqdimatında AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev, vitse-prezident, akademik Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, akademik Adil Qəribov və institutun Elmi şurasının üzvləri iştirak ediblər.
AMEA-nın müxbir üzvü İslam Mustafayevi kollektivə təqdim edib. Bildirib ki, İslam Mustafayev 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirdikdən sonra Milli Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunda işləməyə başlayıb. 1992-ci ildən isə Radiasiya Problemləri İnstitutunda laboratoriya rəhbəri kimi fəaliyyət göstərib. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.
Akademik D.Tağıyev diqqətə çatdırıb ki, öz sahəsi üzrə zəngin bilik və təcrübəyə malik olan İ.Mustafayev dünyanın bir çox ölkələrində (ABŞ, Macarıstan və s.) ixtisasartırma kurslarında iştirak edib, həmçinin Avropa İttifaqı, NATO, Dünya Bankı, BMT və digər beynəlxalq təşkilatların 50-dən çox beynəlxalq layihəsinin rəhbəri və eksperti olub.
AMEA-nın birinci vitse-prezidenti İ.Mustafayevin öz zəngin təcrübəsi ilə Radiasiya Problemləri İnstitutunun fəaliyyətinin genişləndirilməsinə nail olacağına, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə, qurumun inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Sonra çıxış edən akademik Adil Qəribov elmi nailiyyətləri ilə hər zaman seçilən müəssisələrdən biri olan Radiasiya Problemləri İnstitutunda multidissiplinar tədqiqatlara xüsusi önəm verildiyini vurğulayıb. O, institutda müasir dövrün tələblərinə uyğun şəkildə aparılan tədqiqatların İ.Mustafayevin rəhbərliyi ilə bundan sonra da uğurla davam etdiriləcəyinə inandığını bildirib.
A.Qəribov uzun illər çiyin-çiyinə çalışdığı İ.Mustafayevin öz zəngin idarəçilik təcrübəsi ilə Radiasiya Problemləri İnstitutunun inkişafına mühüm töhfələr verdiyini, hər zaman işini vicdanla yerinə yetirdiyini söyləyib, alimə yeni vəzifəsində müvəffəqiyyətlər arzulayıb.
Tədbirdə akademik Rasim Əliquliyev də çıxış edərək Radiasiya Problemləri İnstitutunun qarşısında duran vəzifələrdən danışıb, müəssisədə Azərbaycan dövləti üçün olduqca əhəmiyyətli problemlərdən olan radiasiya biologiyası, ekologiyası və s. ilə bağlı elmi tədqiqatların aparıldığını bildirib. Vitse-prezident bu institutda işğaldan azad edilən ərazilərimizin ekoloji və radioekoloji monitorinqlərinə dair aparılan tədqiqatları xüsusi qeyd edib, həmçinin radiasiya informatikası ilə bağlı problemlərin də araşdırılmasının əhəmiyyətini önə çəkib.
Ölkənin radiasiya təhlükəsizliyinin intellektual monitorinqi sisteminin yaradılması məsələsinə toxunan akademik R.Əliquliyev bu istiqamətlərdə birgə layihələr, elmi tədqiqat işlərinin aparılmasının vacibliyindən danışıb. Akademik ölkə Prezidenti İlham Əliyevin çağırışlarına müvafiq olaraq, yaşıl cəmiyyət, yaşıl iqtisadiyyat və s. problemlərin tədqiqində coğrafiya, radiasiya kimi elmlərin də yaxından iştirakının vacibliyini vurğulayıb. Qeyd edib ki, cəmiyyətdə "yaşıl təfəkkür"ün formalaşmasında Radiasiya Problemləri İnstitutunun qarşısında da mühüm vəzifələr durur. Akademik R.Əliquliyev institutda şəffaf elmi mühitin formalaşmasında yüksək intellektə malik İ.Mustafayevin xüsusi xidmətləri olduğunu qeyd edib, ona yeni vəzifəsində uğurlar diləyib.