BAKI, 26 may — Sputnik. İngiltərənin baş naziri Boris Conson keçmişdə müsəlman qadınlara qarşı işlətdiyi ifadələrə görə peşman olduğunu dilə gətirərək üzr istəyib. Bu barədə Sputnik Azərbaycan "CNN Türk"-ə istinadla məlumat yayıb.
Conson bu sözləri Uoriks Universitetinin müəllimi, professor Svaran Sinqhin rəhbərliyi altında aparılan, Mühafizəkarlar Partiyasındakı ayrı-seçkilik və anti-İslamizmin miqyasını ortaya qoyan araşdırmanın nəticələri ilə bağlı hesabata münasibət bildirərkən deyib.
Qeyd edək ki, Boris Conson 2018-ci ildə Böyük Britaniyanın "The Telegraph" qəzeti üçün yazdığı məqalədə hicab geyinən müsəlman qadınları bank soyğunçuları və poçt qutularına bənzətmişdi.
"Bu sözlərə görə məndən incidiklərini bilirəm. İnsanlar mənim mövqeyimdə olan şəxslərdən hər şeyi düzgün etməsini gözləyirlər. Amma jurnalistikada ifadə azadlığı deyilən bir şey var. Bu sözlərimə görə üzr istəyirəm. Bu gün keçmiş yazılarımda istifadə etdiyim ifadələri işlədərdimmi? Artıq baş nazir olduğum üçün istifadə etməzdim", - deyə o bildirib.