BAKI, 26 may — Sputnik. Bu il qəbul imtahanında iştirak edəcək abituriyentlərdən COVID-19 pasportu tələb olunmayacaq. Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çərşənbə günü keçirdiyi brifinqdə məlumat verib.
"COVID-19 pasportu yalnız nəzarətçi müəllimlərdən tələb oluna bilər. Çünki onlar kənardan gələn şəxslərdir. Bizim işçilərin hamısı peyvənd olunub", – deyə o bildirib.
Abbaszadə qeyd edib ki, imtahan iştirakçılarının yaşı 18-dən aşağı olduğundan, onlara peyvənd vurulması nəzərdə tutulmur: "Onlardan sadəcə sağlam olmaları barədə bəyannamə tələb olunur", - deyə sədr vurğulayıb.
"İşçilərimizdən 68 nəfər koronavirusdan sağalıb, bir əməkdaşımız isə vəfat edib", – deyə Abbaszadə bildirib.
Həmçinin oxuyun:
Abituriyentlərin nəzərinə: Ali məktəblərə qəbul qaydaları açıqlandı
Abituriyentlərin diqqətinə: ixtisas qruplarında dəyişiklik olundu