BAKI, 24 may — Sputnik. Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, iclasda maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Dövlət Gömrük Komitəsinin baş idarə rəisi Mirqasım Vahabov və digər rəsmi şəxslər iştirak edirlər.
İclasın gündəliyinə 3 məsələ daxil edilib. İlk olaraq "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxarılıb.
Sonra komitə üzvləri "Kredit ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinə münasibət bildirəcəklər.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2020-ci il Azərbaycan xalqının tarixinə şanlı səhifə kimi yazıldı: "Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Zəfər qazanaraq, 30 ilə yaxın davam edən münaqişəyə son qoydu. Azərbaycan ötən ildə 3 cəbhədə - informasiya, hərbi və iqtisadi böhranla mübarizə cəbhəlində mübarizə aparıb. 2020-ci il həm də dövlətimiz tərəfindən preventiv və çevik addımların atılması ilə əlamətdar il kimi yadda qaldı".
2020-ci il üçün dövlət büdcəsinin gəlir və xərclərindən danışan komitə sədri diqqətə çatdırıb ki, ötən il pandemiyaya və iqtisadi böhrana baxmayaraq, Azərbaycanda kənd təsərrüfatı, enerji və digər sahələrdə müsbət irəliləyişlər əldə edilib.
Qanun layihələri komitə üzvləri tərəfindən müzakirə edildikdən sonra plenar iclasa tövsiyə olunacaq.