BAKI, 20 may — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Entoni Blinken arasında ilk görüş olub. Sputnik Azərbaycan xəbər verir ki, danışıqlar Arktika Şurası çərçivəsində Reykyavikdə baş tutub.
Nazirlər Rusiya-ABŞ münasibətlərinin gələcəyini, Arktika, Suriya, Əfqanıstan, Şimali Koreyadakı vəziyyəti, habelə regional məsələləri, o cümlədən Ermənistanla Azərbaycan arasında münaqişənin uzunmüddətli siyasi nizamlanması məsələlərini müzakirə ediblər.
Blinken Vaşinqtonun Moskva ilə sabit və proqnozlaşdırıla bilən münasibətlər qurulmasına çalışdığını dilə gətirib.
Görüşdən sonra Sergey Lavrov jurnalistlərə həmkarı Blinkenlə birlikdə Rusiya və ABŞ prezidentləri üçün təkliflər hazırlayaqcaqlarını deyib.
"Burada həmçinin strateji sabitliyə dair dialoqun inkişaf etdirilməsi ilə bağlı məsələlər də olacaq. Bu, yəqin ki, qarşıda duran həlledici, dünya ictimaiyyətinin əksər dövlətlərini narahat edən məsələdir", - deyə nazir bildirib.
Lakin Lavrov Moskvanın Rusiya və ABŞ prezidentləri arasında görüşün keçirilməsinə razılıq verib-vermədiyinə dair suala cavab verməyib. Əvəzində jurnalistlərə minnətdarlıq bildirən Lavrov zarafatla "Səhranın bəyaz günəşi" filmindən məşhur ifadəni bir qədər dəyişərək belə deyib: "Biz gömrükxana deyilik ki, razılıq verək".
Rusiya XİN rəhbəri həmçinin bildirib ki, Blinkenlə görüş əsnasında tərəflərin strateji sabitliyə təsir edən amillər – nüvə, qeyri-nüvə, hücum, müdafiə silahları məsələləri də nəzərə alınmaqla dialoqa hazır olduğu təsdiq olunub. Lavrovun sözlərinə görə, o, "bu konsepsiyadan imtina" müşahidə etməyib, lakin ekspertlər hələ bu istiqamətdə işləməlidirlər.
Eləcə də oxuyun:
* Blinkenlə Lavrov Azərbaycan və Ermənistanı müzakirə etdi
* İki nəhəngin qarşılaşması: Moskva amerikalılar üçün nə hazırlayıb?
* Baydeni Bakıda gözləyəkmi? Görüşdə qərarlıdır