BAKI, 18 may — Sputnik. Azərbaycan Respublikasının Təbriz şəhərindəki baş konsulu Əliyənnağı Hüseynov rəsmi Bakının Tehranla ümumi münasibətlərin inkişafında maraqlı olduğunu bildirib.
Sputnik Azərbaycan İran KİV-lərinə istinadən xəbər verir ki, çərşənbə axşamı Şərqi Azərbaycan əyalətinin qubernatoru Əli Cahangiri ilə görüşündə baş konsul Azərbaycan Respublikasının iqtisadi əlaqələrlə yanaşı, İranla mədəniyyət, incəsənət və turizm sahələrində də əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu dilə gətirib.
İşğaldan azad olunmuş Qarabağın bərpası barədə danışan diplomat qeyd edib ki, Azərbaycan hökuməti həmin ərazilərdəki şəhərlərin bərpasına vəsait ayırıb və bu ərazilərdə xarici şirkətlərin fəaliyyəti üçün şəraitin yaradılması üzərində işləyir.
Görüş əsnasında qubernator Əli Cahangiri Qarabağın bərpasında iştirakın regional əlaqələrin möhkəmlənməsində və iqtisadi inkişafda vacib rol oynayacağını dilə gətirib.
Qubernator həmçinin Şərqi Azərbaycan vilayətinin Azərbaycan Respublikası ilə əməkdaşlığın genişləndirilməsində imkanlarını qeyd edib.