BAKI, 18 may — Sputnik, Zülfiyyə Quluyeva. Ləki-Qəbələ birxətli dəmir yolunun açılışı regional turizm üçün önəmli hadisədir. Azərbaycan kimi coğrafi baxımdan bir o qədər də böyük olmayan ölkələrdə qatarla səyahət çox vacibdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Regional Turizm İnkişafı Sektorunun müdiri Elgün Cavadov deyib.
Onun sözlərinə görə, Ləki qatarı Şəki-Zaqatala, Qəbələ-İsmayıllı regionunun turizm potensialının nümayiş etdirilməsi və gücləndirilməsi baxımından böyük önəm daşıyır.
"Qəbələ həm daxili, həm də gəlmə turizm baxımından Azərbaycanın əsas turizm mərkəzlərindən hesab olunur. Bu baxımdan ilin bütün mövsümlərində Qəbələ turist cəlb edən yeganə distansiyalardan biri hesab olunur. Çünki burada həm qış turizm növləri, həm də yayda turizm üçün yetərli qədər imkanlar var. Bu gün qatarın məhz Qəbələyə çəkilməsi təsadüfi deyil və olduqca vacibdir", – deyə o vurğulayıb.