BAKI, 17 may — Sputnik. Aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin və məlumatların siyahısına dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı "Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı"na dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərara əsasən, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün əmək kitabçasının surəti və fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcələri barədə diplomların surəti tələb olunacaq.
Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunub.
Nazirlər Kabinetinin qərarına əsasən isə bu təqaüdün verilməsi üçün tələb olunan sənədlər müəyyənləşib.