Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 17 may — Sputnik. Sumqayıt-Bakı qatarlarının sayı azaldılıb və nəticədə sıxlıq yaranıb. Sputnik Azərbaycan-ın məlumatına görə, sərnişinlər intervalların artırılmasından narazılıq ediblər. Onlar xəttə yeni qatarların əlavə edilməsini istəyib.
Sərnişinlərin verdiyi məlumata görə, qatarda sıxlıqdan huşunu itirən də olub. Sərnişin Ceyhun Rəhimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, səhər saatlarında biznes klassa 1 manat 40 qəpik ödəniş edərək bilet alsa da, ayaq üstündə qapının ağzında gəlib:
"Sərnişinlər qatara minə bilmirdilər. Vaqon sayı azaldıldığından, sərnişinlər ayaq üstə çətinliklə gəlməli oldular", - deyə C.Rəhimov bildirib.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən isə Sputnik Azərbaycan-a problemlə bağlı açıqlama veriləcəyini bildirdilər.