BAKI, 15 may — Sputnik. İsrailin hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 139 nəfərə çatıb.
Sputnik Azərbaycan "TRT"yə istinadla xəbər verir ki, İsrailin qırıcı təyyarələrinin Qəzzanın qərb bölgəsindəki Şati qaçqın düşərgəsində bir evə etdiyi hücumda əksəriyyəti uşaq olmaqla daha 10 fələstinli ölüb.
Mayın 10-dan bəri 139 fələstinli həlak olub, 950 nəfər isə yaralanıb.
Digər tərəfdən, İsrailin qırıcı təyyarələri dünən gecə Qəzzanın şimalında təxminən 30 hücum həyata keçirib. Hücumlar nəticəsində bölgənin əksər hissəsində elektrik enerjisi kəsilib.
İşğal altındakı İordan çayının qərb sahilində isə Qəzza zolağına dəstək məqsədilə təşkil edilən nümayişlərdə ölənlərin sayı 11-ə yüksəlib.
Nümayişlər zamanı 37 fələstinli İsrail əsgərlərinin həqiqi güllələrindən, 31 fələstinli isə plastik güllələrdən yaralanıb.
Digər tərəfdən, "HƏMAS"ın siyasi bürosu rəhbərinin müavini Saleh əl-Aruri Qəzzada qurudan başladılacaq əməliyyatın İsrail üçün fəlakət olacağını və müharibənin tarazlığını dəyişdirəcəyini söyləyib.
Xatırladaq ki, Qəzza zolağındakı fələstinli müqavimət qrupları İsrail polisinin işğal olunmuş Şərqi Qüdsdəki Əl-Əqsa məscidi və Şeyx Cerrah məhəlləsindən çıxması üçün 10 may yerli vaxtla 18:00-a qədər müddət verib.
İsrail polisinin Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindən çıxmamasına görə fələstinli müqavimət qrupları İsrailə çoxlu sayda raket atıblar.
Bunun qarşısında İsrail ordusu Qəzza zolağında hərbi əməliyyat başladıldığını elan edib.