Ekspertlərdən həyəcan təbili: Məktəblər açılandan sonra epidemik vəziyyət pisləşəcək

© Sputnik / Murad Orujov20 nömrəli məktəbdə tədris prosesi
20 nömrəli məktəbdə tədris prosesi - Sputnik Azərbaycan, 1920, 15.05.2021
Abunə olmaq
İnfeksionist: "Gələcəkdə şagirdlər arasında peyvəndləmə işi aparılarsa belə, bu, 15 yaşdan yuxarı uşaqları əhatə edə bilər. Çünki aşağı yaş qrupunda uşaqlar üzərində vaksinin fəsadları öyrənilməyib. Biz belə halda 6-7 yaşlı uşağı koronavirusa görə peyvənd edə bilmərik".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 may — Sputnik. 18 yaşdan yuxarı əhalinin koronavirus əleyhinə vaksinasiyası ilə bağlı qərardan sonra məktəblilərin də peyvənd olunması məsələsi gündəmə gəlib. TƏBİB-in nümayəndəsi Fərrux Sədirov televiziyalardan birində çıxışı zamanı bildirib ki, məktəblərdə bütün sinif şagirdləri və işçilər peyvənd olunmalıdır. Onun fikrincə, müəllimlərə peyvənd vurulub, şagirdlərə vurulmaması riskdir: "İki tərəfdən birinin peyvənd olunmaması eyni riski daşıyır. Yəni sinifdə bir nəfərin belə peyvənd olunmaması digərləri üçün təhlükəlidir. Bu səbəbdən bütün siniflər və məktəbdəki digər şəxslər də peyvənd olunmalıdır".

Sputnik Azərbaycan şagirdlərə koronavirus əleyhinə peyvəndin vurulmasının təhlükəli olub-olmadığını araşdırıb.

Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda pandemiya ilə bağlı təcili tədbirlər həyata keçirilir. Amma gələcəkdə koronavirus digər viruslar kimi insanlarla birgə yaşayıb qalarsa, bu zaman planlı peyvənd tətbiq oluna bilər. Onun sözlərinə görə, belə halda bu peyvənd uşaq yaşlarından başlanıla bilər. Amma N.Quliyev bildirir ki, uşaqlarda hazırda peyvəndin tətbiqinə təcili göstəriş yoxdur:

"Bununla belə uşaqlarda bu xəstəlik çox nadir hallarda fəsad törətdiyinə, həmçinin uşaqlarda bu peyvəndin yoxlanılması aparılmadığına görə, ayrıca tədqiqat aparılmalıdır. Yalnız uşaq orqanizminin bu peyvəndi necə mənimsəməsi, cavab reaksiyası yoxlanıldıqdan sonra onu tətbiq etmək olar. Yoxsa ki, "gözüyumulu" bütün yaşlarda uşaqlarda peyvəndləmə aparmaq doğru olmaz. Uşaq orqanizminin yetkinlik yaşına çatanadək çoxlu anatomik fizioloji xüsusiyyətləri var ki, onlar nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, böyüklə uşaq ancaq kəmiyyətə görə fərqlənmir. Onlar arasında keyfiyyət fərqləri də var. Uşaqlarda peyvəndlə bağlı yoxlama mərhələlərlə aparılmamış, onun tətbiqi mümkün deyil".

Baş pediatr deyir ki, hər bir vaksin tətbiq olunmazdan öncə uşaqlarda, yeni doğulmuşlarda, hamilələrdə onun təsirləri yoxlanılmalıdır: "Yalnız bundan sonra həmin peyvəndi tətbiq etmək olar. Bu isə gələcəyin işidir".

N.Quliyev söyləyir ki, kim peyvənd olunmursa, onun virusa yoluxma riski var.

Вакцинация от коронавируса в Азербайджане - Sputnik Azərbaycan, 1920, 06.05.2021
On səkkiz yaşdan yuxarı olan hər bir Azərbaycan vətəndaşının vaksinasiyasına start verilir

İnfeksionist Vüqar Cavadzadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəbyaşlı uşaqların epidemioloji cəhətdən virusu yayma riski olsa da, onları vaksinasiyaya cəlb etmək hələ tezdir:

"Doğrudur ki, şagirdlər arasında virus yayılarsa, onlar da gedib evdə valideynlərini yoluxdura bilərlər. Həmin şəxslər isə iş yoldaşları, öz yaxınları arasında bu virusu yaya bilərlər. Bu, zəncirvari şəkildə davam edə bilər. Nəticədə ölkədə epidemik vəziyyət pisləşəcək. Ona görə də məktəblərdə ənənəvi tədrisin bərpasının yoluxmaya təsiri gözləniləndir".

V.Cavadzadə deyir ki, hazırda 18 yaşdan yuxarı əhalinin vaksin edilməsi gündəmdədir. Şagirdlərin vaksinasiyası isə müzakirə mövzusu deyil: "Hətta gələcəkdə şagirdlər arasında peyvəndləmə işi aparılarsa, bu, 15 yaşdan sonra uşaqları əhatə edə bilər. Çünki aşağı yaş qrupunda uşaqlar üzərində vaksinin fəsadları öyrənilməyib. Biz belə halda 6-7 yaşlı uşağı koronavirusa görə peyvənd edə bilmərik".

Azərbaycan Həkimlər Birliyinin üzvü Ədalət Rüstəm də koronavirusa görə məktəb yaşlı uşaqların vaksin olunmasını düzgün hesab etmir. Onun sözlərinə görə, uşaqlar koronavirusu ağır keçirmədiyinə görə dünyada da uşaqların koronavirus əleyhinə vaksinasiyası aparılmır: "Hələ ki, heç bir ölkə uşaqların COVID-19 əleyhinə peyvəndini aparmır. Çünki uşaqlar bu virusu bəzən simptomsuz keçirirlər. Buna görə də onlar risk qrupu sayılmır. Bundan əlavə, koronavirus əleyhinə vaksinlərin uşaqlarda yan təsirlərinin olub-olmadığı araşdırılmalıdır. Elmi araşdırmalar aparılmamış bu vaksini uşaqlar üzərində tətbiq etmək olmaz", - deyə Ə.Rüstəm bildirir.

Təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, ənənəvi tədrisin bərpası üçün şagirdlərin vaksinasiyası şərt deyil. Onun sözlərinə görə, hazırda dünyada iki dövlət şagirdər arasında vaksinasiyaya başlayıb:

"Dünya təcrübəsində şagird və tələbələrin vaksinasiyası İsrail və Amerikadadır. Şagirdlər dünyanın əksər ölkələrində vaksin edilməyib. Amerikada ibtidai siniflər açılıb, yuxarı siniflərdə vaksinasiya aparılır".

Ekspert bildirir ki, hazırda koronavirus infeksiyasına yoluxma üzrə daha çox risk qrupuna müəllimlər daxildirlər: "Şagirdlər daşıyıcı və ötürücülərdir. Daha çox ağırlaşma yuxarı yaş qrupunda müşahidə olunur. Azərbaycanda isə yaşından asılı olmayaraq təhsil sahəsində çalışanların hamısı vaksin edilir. Bununla təhsil sahəsində virusa yoluxma riski aşağı düşəcək. Bu mənəda ümumtəhsil müəssisələrində ənənəvi tədrisin bərpası o qədər də riskli olmayacaq".

Qeyd edək ki, mart ayında İsrailin Səhiyyə Nazirliyi 12-15 yaş arası 600 uşağın koronavirus əleyhinə vaksin edildiyini açıqlamışdı. Bildirilib ki, peyvənd olunan uşaqlarda preparatın yan təsiri müşahidə olunmayıb. Məlumat üçün bildirək ki, İsraildə uşaqlara "Pfizer/BioNTech" vaksini vurulub. Oxford Universiteti isə "AstraZeneca" tərəfindən istehsal olunan vaksinin 6 yaşda uşaqlar üzərində test edilməsinə başlanıldığını açıqlayaraq prosesin bir neçə ay davam edəcəyini bəyan edib.

Xəbər lenti
0