BAKI, 14 may - Sputnik. Dövlət Sərhəd Xidməti (DSX) son günlər Azərbaycan və Ermənistan sərhədində baş verənlərə münasibət bildirib.
DSX-nın Mətbuat Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildikdən sonra Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir.
"Son günlər bu istiqamətdə baş verənlərlə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən rəsmi mövqe bildirilib. Hazırda Azərbaycan və Ermənistan sərhəd mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır", - Mətbuat Mərkəzindən qeyd olunub.
Qeyd edək ki, Azərbaycan hərbçilərinin Laçın rayonunun Qara göl yaxınlığında Ermənistanla sərhəd ərazilərdə yerləşməsi qarşı tərəfin narahatlığına səbəb olub.
Xatırladaq ki, dünən Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanatla çıxış edib.
"10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir.
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.
12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır.
Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik.
Azərbaycan öz tərəfindən, qeyd olunan bölgədə gərginliyin aradan qaldırılmasına sadiqdir və bu istiqamətində müvafiq addımların atılmasına çağırır" - bəyanatda deyilir.