BAKI, 12 may - Sputnik. İsrailin Müdafiə Qüvvələri və Xarici İşlər Nazirliyi xarici jurnalistlər üçün birgə mətbuat konfransı keçirib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus əməliyyatlarının əsasında Qəzzadan atılan kütləvi raket bombardımanına qarşı mülki vətəndaşları qorumaq, müdafiə etmək dayandığını bildirib:
"Son 45 saat ərzində Qəzza ərazisindən 1050 raket İsrail ərazisi istiqamətində atılıb. Bu raketlərin 250-300-ü İsrail sərhədini keçməyib və Qəzza ərazisinə düşüb ki, bu da fələstinli mülki əhali arasında tələfata səbəb olub. "Həmas" və "İslamçı Cihad" özlərinin səbəb olduğu mülki fələstinli ölümlərinə görə də İsraili günahlandırır".
Konrikus əlavə edib ki, “Dəmir Gümbəz” havadan müdafiə sistemi müxtəlif istiqamətlərdən İsrail ərazisinə atılan müxtəlif ölçülü raketlərə görə davamlı təzyiq altında olsa da, uğurla işləyir: “Bu sistem hər dəqiqə çox insanın həyatını xilas edir və 90 faizdən çox dəqiqliklə işləyir. Biz çox şanslıyıq ki, belə bir sistemə malikik”.
“İndiyə qədər bizim 5 mülki itkimiz var. Bu itkilər mərkəzi və cənubi İsrail ərazisində qeydə alınıb. Təəssüflə qeyd edim ki, bizim həm də hərbi itkimiz var, atılan tank əleyhinə raket nəticəsində 1 hərbçimiz həlak olub, 2 hərbçimiz yaralanıb.
Biz əməliyyatlarımızda çox diqqətliyik və maksimum şəkildə çalışırıq ki, mülki itkilər olmasın, mülki infrastruktura ziyan dəyməsin. Amma onu da başa düşmək lazımdır ki, bu, çox çətindir, çünki "Həmas" və "İslamçı Cihad" öz hərbi infrastrukturunu və hücum nöqtələrini mülki obyektlər, mülki vətəndaşların yaşadığı ərazidə gizlədib. Bütün bunlara rəğmən biz beynəlxalq hüququn prinsiplərinə əməl edirik, biz humanist dəyərlərə sadiqik və buna görə də əməliyyatlardan əvvəl tamamilə əmin oluruq ki, hədəflər hərbi obyektlərdir və bununla bağlı kəşfiyyatımız tərəfindən əldə olunan faktlar var. Hücumlardan öncə vətəndaşlara müraciət edirik ki, müvafiq hədəf olan yerlərdən uzaq olsunlar”, - deyə İsrail Müdafi Qüvvələrinin sözçüsü vurğulayıb.
O bildirib ki, son önəmli iki hədəf vurularkən heç bir mülki itkisi olmayıb:
“Bizim məqsədimiz odur ki, döyüşdə minimum dərəcədə tələfat və yaralı olsun. Ancaq bizim düşmənimiz, "Həmas" bunun tam əksini edir, maksimum dərəcədə mülki tələfata səbəb olmaq üçün mülki insanları hədəf alır.
Son 45 saat ərzində "Həmas"ın, "İslamçı Cihad"ın 25 terrorçusunu neytrallaşdırmışıq, onların bəziləri hərbi rəhbər şəxslərdir. "Həmas"ın 5 terrorçusunu isə tuneldə zərərsizləşdirmişik. Beləliklə indiyə qədər 30 terrorçu zərərsizləşdirmişik.
Biz öz vətəndaşlarımızı qorumaq üçün əməliyyatı davam etdirəcəyik, Qəzzadakı hərbi obyektləri neytrallaşdırmaq üçün təlimatlandırılmışıq".
İsrail XİN sözçüsü Lior Haiat qeyd edib ki, hazırda İsrail ərazisində milyonlarla mülki vətəndaş "Həmas" tərəfindən planlaşdırılmış və kordinasiya olunan terror hücumu altındadır: “Dünyanın heç bir ölkəsi bu cür terror hücumlarını, suverenliyə qarşı aqressiyanı qəbul etməz. Buna görə də İsrailin özünü müdafiə hüququ var. Öz vətəndaşlarımızı müdafiə etmək üçün bütün bunlara cavab verəcəyik. Bizim hədəfimiz terrorçular və onların terror məqsədi ilə istifadə etdikləri infrastrukturdur.
Haiat diqqətə çatdırıb ki, terrorçular xüsusi şəkildə və dəqiq yolla hədəfə alınır: ““Həmas" ABŞ-da, Avropa İttifaqında və digər ölkələrdə terrorçu təşkilat kimi tanınır. Bu təşkilat minlərlə israilli və fələstinlini öldürdüyün görə, onların həyatlarını təhlükəyə atdığına görə məsuliyyət daşıyır. "Həmas"ın ideologiyası dünyanın hər yerində, sadəcə, yəhudi olduğuna görə insanları öldürməkdir. O, sadəcə terror təşkilatı deyil, həm də anti-semitizmi dəstəkləyir. "Həmas" son 48 saatdır ki, müharibə cinayəti törətməklə məşğuldur, bu təşkilat həm mülki yəhudiləri hədəf alır, həm də Qəzzanın mülki əhalisini öldürür. Qəzza ərazisindən atılan hər raket həm cinayətdir, həm də terror aktı”.
İsrail XİN sözçüsü əlavə edib ki, gərginlik yaranandan bəri "Həmas" mindən çox raket atıb: “Onlar öz insanlarını, mülki vətəndaşları canlı qalxan kimi istifadə edir, bu isə mülki tələfata səbəb olur. "Həmas" tərəfindən atılan raketlərdən təxminən 250-300-ü əslində Qəzza ərazisinə düşüb. "Həmas" və fələstinlilər arasında problemlərə görə, yəni daxili siyasi problemlərə görə bu münaqişəni başladıb. "Həmas" özünü Yerusəlimin qoruyucusu kimi göstərmək istəyir. "Həmas" Fələstin rəhbərliyi ilə "sıfır-cəm oyunu" (zero-sum game) oyanamaq istəyir və Fələstin rəhbərliyinin liderliyini zədələmək istəyir. Və bütün bu addımlar bütün regionda qeyri-stabilliyə səbəb ola bilər. Əgər "Həmas" Fələstin xalqı üzərində liderliyi ələ almağa nail olarsa, bu indiyə qədər nail olunan regiondakı sabitliyə və İsraillə Fələstin arasında münaqişənin həlli üçün bütün imkanlara təhdid yaradacaq”.