BAKI, 11 may - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiya Federasiyasının Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov arasında telefon danışığı olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, telefon danışığı zamanı Mövlud Çavuşoğlu Rüstəm Minnixanova Kazanda törədilən silahlı insidentlə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başsağlığını çatdırıb.
Nazir ehtiyac olduğu halda Türkiyənin Tatarıstana hər cür dəstək verməyə hazır olduğunu da vurğulayıb.
Qeyd edək ki, bu gün Rusiyanın Kazan şəhərində orta məktəbə silahlı hücum olub. Hücum nəticəsində çoxu azyaşlı olmaqla 9 nəfər həlak olub, onlarla insan yaralanıb.